ABŞ prezidentliyinə namizəd Donald Tramp Demokratlar Partiyasından olan konqresmenləri “Rusiya və Çindən daha təhlükəli düşmən” adlandırıb.
Teleqraf.com xəbər verir ki, o, bu şəxslərin Amerikanın daxili düşmənləri olduğunu deyib.
Tramp bu konqresmenləri “ölkə daxilində fəaliyyət göstərən dəlilər” hesab edir. Prezidentliyə namizədin hədəfə aldıqları şəxslər arasında Azərbaycan əleyhinə təxribatçı projeləri ilə diqqət çəkən senator Adam Şiff kimi simalar da var.
“Həmişə deyirəm ki, bizim iki düşmənimiz var: xarici və daxili. Məncə, “daxili düşmən” Çin, Rusiya və bütün bu ölkələrdən daha təhlükəlidir”, - Tramp bildirib.
Siyasətçi qeyd edib ki, ağıllı prezident xarici düşmənlərin öhdəsindən asanlıqla gələ bilər: “Amma ən çətin şey Adam Şiff kimi dəlilərlə məşğul olmaqdır. Mən onu daxili düşmən hesab edirəm”.
Xatırladaq ki, ötən ay ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Şiff separatçıların xeyrinə Azərbaycanın maliyyə aktivlərinin müsadirəsini təklif edən bədnam layihə irəli sürmüşdü. Ermənipərəst konqresmenin təşəbbüsü rəsmi Bakının sərt təpkisi ilə qarşılanmışdı.