Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin olunması üçün ortaya qoyulan bütün səyləri dəstəkləyir.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "3+3" regional platforması üzrə növbəti toplantı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Abbas Əraqçi və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edərkən deyib.
O bildirib ki, regionda baş verən hadisələr həmrəyliyin gücləndirilməsini zərurətə çevirir.
Türkiyə liderinin sözlərinə görə, rəsmi Ankara regional problemlərin dialoq yolu ilə həlli üçün yaradılan "3+3" platformasını əhəmiyyətli hesab edir: “Cənubi Qafqazdakı durumun davamlı sülh istiqamətində dəyişməsini sevindirici hal hesab edirik”.
R.T.Ərdoğan, həmçinin Yaxın Şərqdəki durum barədə də danışıb: “Atəşkəsin təmin olunmadığı hər gün bizi regional müharibəyə daha çox yaxınlaşdırır”.