14 Yanvar 13:37
329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın silahlanması Cənubi Qafqaz üçün yeni risklər yaradır. Azərbaycan haqlı olaraq bu ölkəni silahlandıranlarla bağlı etirazını bildirib. Eyni zamanda rəsmi Bakı da İrəvanın silahlanmasına heç də seyrici qalmır. Azərbaycan da öz növbəsində hərbi büdcəsini artırıb. 2025-ci ilin dövlət büdcəsində hərbi təhlükəsizliklə bağlı olan xərclərin miqyası bunu təsdiq edir. Ona görə də Ermənistanın Azərbaycanla silah yarışına girməsi mənasızdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, Azərbaycanın tələbləri sırasında Ermənistana hücum silahlarının verilməməsi ilə bağlıdır:

“Görünən odur ki, rəsmi İrəvan silahlanmanı dayandırmaqla bağlı çağırışları qulaq ardına vurur. Eyni zamanda Ermənistana göndərilən silahların geri qaytarılması mümkünsüzdür. Artıq bu silahların çatdırılması ilə bağlı müqavilələr imzalanıb, razılıqlar əldə edilib”.

Polkovnik hesab edir ki, Ermənistanın silahlanmasına ən effektiv cavab məhz Azərbaycanın müdafiə və təhlükəsizlik məsələlərini daha da gücləndirməsidir:

“Kənardan idarə olunan Ermənistanın bundan sonra da silahlanması mümkündür. Həmin silahları İrəvana onun havadarları göndərir. Bundan sonra da Ermənistanın hərbiləşdirilməsi davam edəcək”.

Üzeyir Cəfərova görə, Ermənistanın silahlanması fonunda yenidən Azərbaycana qarşı hər hansı bir ciddi təxribatın olması ehtimalı azdır:

“Genişmiqyaslı hərbi əməliyyatların olması riski çox aşağıdır. Çünki Ermənistana hər zaman havadarlıq etmiş Rusiya indi onun arxasında dayanmır. Bu mənada, İrəvanı dəstəkləyəcək real güc yoxdur. 5-10 ildən sonra belə bir güc peyda ola bilər. Amma indiki şəraitdə bu, mümkün deyil”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər