27 İyul 2020 17:36
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu ilin yanvar-iyun aylarında 6 uşaq övladlığa götürülüb. Uşaqlardan 2-si qız, 4-ü oğlandır. Onlardan 2 nəfəri 3 yaşa qədər, 1 nəfəri 4-6 yaşlarında, 2 nəfəri 7-11yaşlarında, 1 nəfəri 12-18 yaşlarındadır”.

Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Qurum rəsmisi qeyd edib ki, nazirlik tərəfindən övladlığagötürmə sahəsində yeni idarəetmə modeli yaradılıb, bu sahədə xidmətlərin elektronlaşdırılması təmin edilib:

“Cari ilin mart ayında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə” altsistemi təqdim edilib, altsistemin müraciət interfeysi istifadəyə verilib. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Fərmanı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydası” təsdiq edilib. Qeyd edilən altsistem vasitəsilə 29 valideyn-namizəd müraciət edib.

Övladlığagötürmə sahəsində xidmətlərin elektronlaşdırılması xüsusi karantin dövründə həmin sahədə xidmətlərin fiziki müraciətə ehtiyac qalmadan və ləngimələr olmadan, ardıcıl davam etdirilməsinə imkan verib.

Ötən dövrdə övladlığa götürülmüş 1410 uşaqla bağlı monitorinq, o cümlədən 1331 uşaqla bağlı distant (1057-si telefon, 274-ü videozəng vasitəsilə) monitorinq həyata keçirilib, onların övladlığa götürüldüyü ailələrdəki vəziyyəti, inkişaf səviyyəsi öyrənilib”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər