Seroloji testlər koronavirusa yoluxub-yoluxmadığımızı, hətta xəstəliyin kəskin dönəmində olub-olmadığımızı göstərə bilir. Sağalandan sonra orqanizmdə xəstəliyə qarşı immunitetin yaranmasını öyrənmək üçün test aparılır.
Bunu Teleqraf.com-a açıqlamasında infeksion xəstəliklər üzrə mikrobiologiya mütəxəssisi, TƏBİB-in müalicə işləri üzrə koordinatoru Fərrux Sədirov deyib.
Onun sözlərinə görə, seroloji testlər təkcə COVID-19 xəstəliyini müəyyən etmir:
“Xalq arasında belə bir düşüncə var ki, bu, COVID-19-a özəl testdir. Seroloji testlər illərlə tətbiq olunub, hepatit xəstəliklərində, hamiləlik öncəsi yoxlanışlarda hər zaman istifadə edilib və sadə qan testləridir.
COVID-19-la bağlı ölkəmizin tətbiq etdiyi strategiya da bütün dünyanın tətbiq etdiyi ilə eynidir. Seroloji testləri aparmaqda məqsəd ölkəmizdə xəstəliyi keçirmə faizini öyrənməyə imkan verəcək. Formalaşmış immunitet səviyyəsini öyrənəcəyik, bu isə pandemiya dövründə mübarizə tədbirləri çərçivəsində epidemoloji xəritəni hazırlamağa imkan verəcək. Beləliklə, hansı bölgəmiz xəstəliyi daha çox keçirib, xəstəliyi keçirməyənlərin miqdarı nə qədərdir, hansı bölgəmiz xəstəliklə az təmas edib, immuniteti yoxdur kimi nəticələri əldə edəcəyik. Bu COVID-19-un idarə olunmasında optimal yanaşma təmin edəcək”.
“Planladığımız strategiyada testlər könüllülük prinsipi əsasında həyata keçirilir. Təsadüfi qruplar arasında şəxslərə zənglər ediləcək və könüllülük prinsipi əsasında qan analizi verəcəklər. Qısa müddət ərzində onlara cavab veriləcək. Yaxın günlərdə testlərin tətbiqinə başlanılması planlaşdırılır. Testlər Bakı, Gəncə və Sumqayıt kimi böyük şəhərlərdə aparılacaq” - deyə Fərrux Sədirov bildirib.