Alman alimləri COVID-19 virusuna yoluxmuş insanlardan alınan ən təsirli antikorları əldə edərək peyvənd hazırlığına başlayıblar. Müalicə və qorunmaq üçün istifadə ediləcək peyvəndin erkən təsir göstərəcəyi gözlənilir.
Teleqraf.com xəbər verir ki, peyvənd üzərində işlər davam etdiyi zamanda Berlindəki Şarite Xəstəxanası və Alman Nevroloji Xəstəliklər Mərkəzi yüksək təsirli antikor tapdıqlarını elan ediblər.
Açıqlamaya görə, peyvənd tədqiqatları həmin antikorlar əsasında aparılır. Peyvənd həm koronavirus xəstələrinə, həm də sağlam insanlara profilaktika məqasədilə tətbiq edilə bilər. Tədqiqat çərçivəsində koronavirus xəstəliyi olan və sağalmış insanların qanından təxminən 600 fərqli antikor götürülüb və yüksək təsirli antikorlar süni şəkildə çoxaldılıb.
Siçanlar üzərində aparılan tədqiqatlar nəticəsində antikorların virusun hüceyrələrə keçməsi və yayılmasının qarşısını aldığı iddia olunur.
Koronavirus əleyhinə peyvənd sınaqlarında könüllü iştiraka hazır olan çox sayda gənc və sağlam insan var.
Londondakı klinik tədqiqat mərkəzində könüllülərin sağlamlıq vəziyyətinin 24 saat boyunca izlənəcəyi bildirilir. Araşdırmaların yanvar ayında başlayacağı bildirilir.