18 İyun 2016 11:01
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi 2016-ci ilin ilk 5 ayı ərzində Azərbaycanda qida zəhərlənmələrin statistikasını açıqlayıb. Məlumata görə, ölkədə ümumilikdə 225 qida zəhərlənməsi baş verib. 5 aylıq nəticələrə əsasən, 23 botulizm hadisəsi qeydə alınıb, 28 nəfər zərər çəkib. Zəhərlənmələrdən ölən olmayıb.

May ayı ərzində çiyələkdən zəhərlənmələr də müşahidə olunub.

Yay aylarında hansı qida təhülkəsizliyi ilə bağlı suallarımızı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cavablandırdı.

-Eyyub müəllim, bu mövsümdə hansı qidaları yemək təhlükəlidir?

-Hazırda balıq, konservləşdirilimiş ət məhsulları yemək riskdir. Çiyələk, xiyar, qarpız yemək də təhlükəlidir. Çəkisi artıq qarpızları almaq olmaz, çünki yerli sort deyil. Normal gübrə ilə yetişdirilmiş qarpızların çəkisi 6 kiloqramdan artıq olmur. Qabığının qalınlığı yarım santımetr olur. Yerli sort qarpızların yerinə GMO tərkibli toxumlar gətirilir ki, fermerlər onları araşdırmadan alıb əkirlər. Bazardakı qarpızların 60 faizi GMO tərkiblidir.

-Bəs hansı qarpız yeyilməlidir?

-İçində ağ zolaq görünməməldir, bıçaq vuran kimi partlamalıdır. Qarpızın özəyi ən yeməli yeridir, orada ağ zolaqlar olmamalıdır. Əgər qarpız çəhrayı rəngdədirsə, yemək təhlükəlidir. İnsanlar bilməlidir ki, qarpızda müəyyən miqdarda nitrat olur. Hər bir insan gün ərzində 600 milliqramdan artıq nitrat qəbul edərsə, zəhərlənə bilər.

Bir kiloqram qarpızda təxminən 350 milliqrama qədər nitrat olur. İnsanlar qarpızı alan zaman az yeməlidirlər ki, zəhərlənmə olsa, daha tez müdaxilə edilsin. Gün ərzində iki kiloqramdan az yemək məsləhət görülür.

-Məhsulların GMO tərkibli olmasını müəyyənləşdirmək çətindirmi?

-Azərbaycanda müstəqil laboratoriyaların sayı azdır. Nə qədər ki, laboratoriyaların sayı yetərli olmayacaq, GMO tərkibli məhsulların sayı azalmayacaq.

-Eyyub müəllim, qida zəhərlənmələri ilə bağlı məsuliyyət daşıyan qurum varmı?

-Bu məsələdə məsuliyyət Səhiyyə və İqtisadiyyat nazirliklərinin üzərinə düşür. Təəssüf ki, Səhiyyə Nazirliyi zəhərlənmələrlə bağlı vaxtaşırı statistika açıqlamır. Səbəbi odur ki, qidalarla bağlı gigiyenik sertifikatı Səhiyyə Nazirliyi verir. Azərbaycanda zəhərlənmə faktları dünya göstəricisindən 250 dəfə az qeydə alınır. Çünki gigiyenik sertifikat verən qurum zəhərlənməni qeydiyyatdan gizlədilir və ya açıqlanmır.

-Azad İstehlakçılar Birliyinə şikayət daha çox nələrdən daxil olur?

-Qida zəhərlənməsindən çox az hallarda şikayət alırıq. Əsasən telefon, məişət əşyaları, kosmetik vasitələrin istehlakı ilə bağlı şikayətlər gəlir.

-Yay mövsümündə hansı içkiləri içmək olmaz?

-Vətəndaşlarımıza qazlı içki içməyi məsləhət görmürəm. “Coca Cola”, “Fanta”, “Pepsi” kimi içkilər də insan sağlamlığı üçün çox təhlükəlidir. Belə içkilərdən istifadə edənlər bilsələr ki, onların insan orqanizminə nə qədər ziyanı var, heç yaxın durmazlar. Onların tərkibində mədə-bağırsağı, digər daxili orqanları yandırıb məhv edən maddələr aşkarlanıb.

-Qablaşdırılmış suyun keyfiyyəti necədir?

-Qablaşdırılmış suyun keyfiyyəti narahatlıq verən məsələlərdən biridir. Su ən şəffaf məhsul olsa da, bu sahədə qeyri-şəffaflıq hökm sürür. Bu məsələdə çox böyük problem var. Su ilə bağlı problemin incələnməməsinin səbəbi odur ki, su həddindən artıq qeyri-adi bir maddədir. Yeganə maddədir ki, rəngi, qoxusu və dadı yoxdur. İnsanlar suyu çirkləndirir, su isə qalxır təmizlənir, yenə insanların özünə qayıdır.

-Su filtirizasiyasında boşluqlar varmı?

-Əlbəttə, Azərbaycanda su filtirizasiyası məsələsində də boşluqlar var. Əhali istehlak etdiyi içməli suyun filtrdən keçib-keçməməsini ayırd etmək üçün onu qaynatmalıdır. Bu zaman suda ərp yaransa, su təmizlənməmiş, filtrdən keçməmiş hesab olunur. Lakin bu vəziyyətdən filtr istehsalçıları da öz məqsədləri üçün istifadə edirlər.

-Yay mövsümündə hər kəs ağız dadını dəyişmək üçün dondurma alır. Hazırda ölkə bazarına çıxarılan dondurmaların keyfiyyətli necədir?

-Qeyd edim ki, dondurmalar insanların sevimli məhsulu olmaqla yanaşı, yay ayında gəlir gətirən sahələrdən biridir. 2011-ci ildə ABŞ İnkişaf Agentliyi Azad İstehlakçılar Birliyinə müraciət etdi. Monitorinq apardıq və biz ölkədə yalnız bir “İceland” adlı dondurma istehsalçısına qida təhlükəsizliyi nişanı təqdim etdik. Nəzərə alsaq ki, ölkədə 50-dən çox dondurma istehsal ilə məşğul olan şirkət mövcuddur. Dondurmalarla bağlı Azad İstehlakçılar Birliyinə çoxlu şikayət daxil olur. Yerli dondurma istehsalçıları standartlara cavab verən məhsul hazırlasalar, onda xaricdən dondurmalar gətirilməsi məhdudlaşdırmaq olar.

-Dondurma nə qədər saxlanmalıdır?

-Əslində dondurma satış şəbəkəsində 20 gündən artıq saxlanmamalıdır. Yalnız anbarlarda iki ay saxlanıla bilər. Dondurmanı çox yemək məsləhət görülmür. Yaxşı olardı, bir gündə 200 qramdan artıq dondurma qəbul edilməsin. Azərbaycan qanunvericiliyinə görə, dondurmanın hazırlanmasında bitki yağlarından istifadə qadağandır. Dondurmanın tərkibinə yalnız kərə yağı əlavə edilə bilər. Keyfiyyətli dondurmanı yeyən zaman təzə qaymaq dadını verməlidir.

-Niyə Azərbaycanda “Qida təhülkəsizliyi haqqında” qanun yoxdur?

-Təəssüf ki, hələ də belə bir qanun qəbul edilməyib. Qanun olmayan yerdə cinayət baş verir. Avropa İttifaqı bu durumdan narahatdır. Çünki insanların qəbul etdiyi qidalarla bağlı qanun yoxdur. Fikrimcə, qarşıdakı dövrlərdə də qidadan zərhərlənmələrin sayı əvvəlki dövrə nisbətən çox olacaq.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər