9 Sentyabr 2016 15:27
1 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan müsəlman şərqində dünyəvi dövlət qurmuş ilk ölkədir. Əhalisinin 96 faizini müsəlmanların təşkil etdiyi bu ölkədə sekulyar dövlətçilik ənənəsinin mövcudluğu bizim üçün böyük töhfədir. Şəriət qanunları ilə idarə olunan dövlətlərdə insan hüquq və azadlıqlarının hansı səviyyədə olduğunu görürük. Bu gün Azərbaycanda vətəndaşlara dini etiqad və vicdan azadlıqlarının verilməsi o demək deyil ki, kimlərsə bundan istifadə edib dünyəvi dövlət quruluşunu dəyişməyə cəhd etməlidir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Qaxda “Sekulyar dövlətçilik, dini radikalizm və insanlığa qarşı çevrilməyən din modeli” mövzusunda keçirilən debatda tarixçi-ekspert Məcid Mehrani deyib.

O qeyd edib ki, Azərbaycanda hamı dini inancların dövlətin siyasi həyatına müdaxiləsinin yolverilməz olduğunu bilməlidir. Radikal dini təşkilatların isə məqsədi heç də dinin keşiyində dayanmaq deyil, əksinə ondan istifadə edərək insanları öz tərəfinə çəkmək, onları ən ağlasığmaz hərəkətlərə təhrik etməkdir.

Ekspert Aynur Zamanovanın sözlərinə görə, dini radikalizm, fundamentalizm ona gətirib çıxarıb ki, bu gün Qərb dünyasında islamofobiya geniş vüsət alıb: “Hətta burkalı, hicablı qadına, saqqallı kişiyə hamı potensial canlı bomba, terrorçu kimi baxmağa başlayıb. Radikal cərəyanlar ona nail olublar ki, bu gün dünyada İslamla terrorizm sözü yanaşı işlənir. Baxmayaraq ki, İslamdakı mütərəqqi ideyaları yaymaqla, bu dinin pozitiv tərəflərini nümayiş etdirməklə ona rəğbəti artırmaq olardı, nəinki onu gözdən salmaq”.

Qeyd edək ki, sözügedən debat “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin təşəbbüsü və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sekulyar dövlətçilik, dini radikalizm və insanlığa qarşı çevrilməyən din modeli ilə bağlı qadınlar arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində baş tutub. Birliyin sədri Ülkər Abdullayeva bildirib ki, bu layihəni həyata keçirməkdə məqsəd Azərbaycanın dünyəvi dövlətçilik modelinin qorunmasına, möhkəmlənməsinə çalışmaqdan, insanları ölkəmizin konstitusion quruluşunu dəyişməyə, dini ayrı-seçkilik zəminində münaqişələr törətməyə cəhd edən radikal dini cərəyanlardan uzaq durmağa çağırmaqdan, inanclı şəxsləri insanlığa qarşı çevrilməyən din modellərinə üstünlük verməyə dəvət etməkdən ibarətdir.

Ekspertlər mövzu ilə bağlı iştirakçılara ətraflı məlumatlar verib və onları maraqlandıran sualları cavablandırıblar.

Qax Mərkəzi Rayon Kitabxanasında keçirilən debat zamanı rayonun ziyalı xanımları layihənin məqsədindən irəli gələn fəaliyyətlərin yerinə yetirilməsinə dəstək verməyə hazır olduqlarını qeyd ediblər.

“Kəndlərdə, xüsusilə də savadsız, dünyagörüşləri məhdud olan qadınların sadəlövhlüyündən, məlumatsızlığından yararlanaraq onları ələ almağa, cəhalətin bataqlığına yuvarlamağa münbit şərait var. Ölkənin ziyalı qadınları şəbəkələşməli, bu cür neqativ halların aradan qaldırılması üçün səylərini birləşdirməlidirlər. Yoxsa, insanların maddi çətinliklərindən, kasıblığından, işsizliyindən istifadə edən bəzi dini icmalar onları ələ alır və yanlış yola yönəldirlər”, – deyə 2 saylı məktəbin müəllimi Turanə Rəcəbova bildirib.

Debatda Prezident İlham Əliyevin təşəbbüsü ilə dini fanatizmi, dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsini, konstitusiya quruluşunun dəyişdirilməsini, milli, irqi düşmənçiliyin salınmasını, ibadətgahlardan kənarda və ictimai yerlərdə dini şüarların səsləndirilməsini, dini atributların və dini bayraqların nümayişini qadağan edən maddələrin qanunvericiliyə salınması təklifi müsbət qiymətləndirilib.

Səxavət


Müəllif: