Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Bakının Zığ qəsəbəsi ərazisindəki sürüşmə zonası ilə bağlı Teleqraf.com-a açıqlama verib.
Ələmdar Piriyevin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Nazirlər Kabinetin mütəxəssisləri həmin ərazidə monitorinq aparıblar: "Müəyyənləşib ki, ərazidə 56 yaşayış evi təhlükə altındadır. Hətta bəzi evlərin bir hissəsi uçub. Dövlət tərəfindən onlara yardım edilib, insanlar təhlükəsiz əraziyə köçürülüb.
Qalan evlər də müəyyən qədər qəzalı vəziyyətdədir, amma hələlik köçürülmə aparılmayıb. Dövlətin müvafiq qurumları qərar verdikdə onlar da köçürülə bilərlər”.
***
Son günlər Azərbaycanda havaların yağışlı keçməsi nəticəsində sürüşmə sahələrində aktivləşmə artıb.
Teleqraf.com-un məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya açıqlamasında deyib ki, Bakı üzrə ən təhlükəli zona Zığdadır.
Zığda vəziyyət xeyli fəallaşıb və artıq 120-130 ev təhlükə zonasındadır: “Zığ massivi zonasında evlərdə çatlar genişlənib, proses sürətlənib və evlər üçün təhlükə artıb. Digər sürüşmə sahələrində nisbi fəallıqdır və gözə görünən proses yoxdur. Amma Zığ tərəfdə vəziyyət yaxşı deyil”.
Elbrus Əlizadə qeyd edib ki, Azərbaycanın digər rayonlarında da fəallaşma müşahidə edilir. O əlavə edib ki, İsmayıllı-Ağsu-Şamaxı zonasında yüksək fəallaşma var: “Nisbi fəallaşma Lənkəran, Şabran-Xızı zonasındadır. Sürüşmə sahələrində fəallıq var, amma kəndlərə böyük ziyan dəyməyib, yollar bağlanmayıb. Qobustan-Şamaxı-İsmayıllı, Qobustan-Şamaxı-Ağsu yolları ətrafındakı sürüşmə zonalarında fəallıq var. Bir də yağış yağarsa, yollaın bəziləri bağlana bilər”.