Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində inşa olunan Bakı Metropoliteninin “Dərnəgül” elektrik deposu ərazisində yeraltı piyada keçidi istifadəyə verilib.
Bu barədə Teleqraf.com-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
M.Əliyev küçəsi 3126-27-ci məhəllədə inşa olunan piyada keçidi ətraf ərazidə yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi daşıyır. Sakinlər tikintisi davam edən “Dərnəgül” elektrik deposunun həyətindən keçən müvəqqəti yoldan istifadə edirdilər. Bu da xüsusilə yağışlı havada bir sıra çətinliklər yaradırdı.
Uzunluğu 154,36, eni 4, hündürlüyü isə 2,3 metr olan piyada keçidi artıq sakinlərin istifadəsindədir.
İlhamə ƏBÜLFƏT