“Bu gün mətbuatda Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun özünü təqdim etsə də, Bakı Slavyan Universitetinin binasına buraxılmaması və onun gəldiyinin rektora məruzə edilməməsi haqqında xəbər oxudum. Xəbər mənə pis təsir etdi”.
Bunu sosial şəbəkədəki hesabında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.
A.Mirzəzadə qeyd edib ki, bugünkü sabit həyatımızın olmasında müharibə veteranlarının rolu böyükdür və hər kəsin bu insanlara qarşı diqqətli olması həddən artıq vacibdir: “Bu məsələdə Azərbaycan dövləti və Prezident cənab İlham Əliyevin münasibətləri hər kəsə yaxşı nümunədir. Universitetin rektoru Nurlana Əliyevanın məsələyə dərhal reaksiya verməsi və Milli Qəhrəmana zəng etməsi anlaşılmazlığın aradan qaldırılmasına kömək edib”.
Deputat daha sonra bildirib ki, az öncə Milli Qəhrəmanın mobil telefon nömrəsini taparaq ona zəng edib: “Ona qarşı edilən hərəkətdən hiddətləndiyimi və müharibə veteranlarına diqqətin hər kəs tərəfindən göstərilməsinin vacibliyini dedim. Onunla fəxr etdiyimizi, onun qəhrəmanlığının artıq tarixə çevrildiyini bildirdim. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində iştiraklarının vacib və arzuolunan olduğunu bildirdim. Onun universitetə gəlmək məramının çox xoş olduğunu və alqışlandığını qeyd etdim. Sonda bildirim ki, bundan sonra onun Bakı Slavyan Universitetinin və Azərbaycanın istənilən ali məktəbinin gözlənilən qonağı olacağına inanıram”.
Səxavət