Psixoterapevt Dəyanət Rzayevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Bürosunda ekspertizadan keçirildikdən sonra yuyulmaq üçün məscidə aparılıb.
Teleqraf.com "Report"a istinadla xəbər verir ki, ekspertizanın yekun nəticəsi 10 gündən sonra məlum olacaq.
Yaxınlarının dediyinə görə, Dəyanət Rzayev həyat yoldaşından rəsmi qaydada ayrılıb. Onların bu nikahdan 2 övladı var.
"O, ikinci dəfə ailə qurmağa hazırlaşırdı" - deyə, yaxınlarından biri bildirib.
Psixoloqun dostlarının dediyinə görə, Dəyanət Rzayev bir həftə əvvəl depressiyaya düşüb. O, sosial şəbəkələrdə fəaliyyətini dayandırıb. Bundan əlavə, bir həftədir çalışdığı “Caspian Business Center”dəki iş yerinə gəlmirmiş.
Dəyanət Rzayevin yaxınlarının dediyinə görə, onların soyu Qaradağ xanlığının banisi Kazım xana bağlıdır. Dəyanət ailənin tək övladı olub.
Psixoloqun hüzr mərasimi Nəsimi rayonu Bakıxanov küçəsi 26 ünvanında yəni atası Mamedin evində keçirilir. O bu gün Biləcəri qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.
Xatırladaq ki, psixoterapevt Dəyanət Rzayev yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.