“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində martın 13-də aşkar edilən kişi meyitinin, "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “nasos qurğularının maşinisti” vəzifəsində çalışmış 1970-ci il təvəllüdlü Abbasov Ramiz Qulu oğluna məxsus olduğu müəyyən edilib.
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
İlhamə ƏBÜLFƏT