3 May 2017 20:29
1 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Teleqraf.com-un suallarını cavablandırıb:

- Tənzilə xanım, Türkçülük gününü bayram kimi qeyd edirsiniz. Bu il deyəsən, əvvəlki illərdən fərqlənir, şölən kimi keçirməyəcəksiniz?

- 25 ildir ki “Azəri-Türk” Qadınlar Birliyi olaraq 3 May Türkçülük gününü şölən kimi qeyd edirik. Bu ənənənin əsasını qoymuşduq. Bu il isə bayram kimi keçirə bilmədik. Yasımız düşdü, başımız qarışıq oldu deyə böyük şölən kimi qutlamadıq. Gələn il böyük bayram keçirəcəyik. Azərbaycanda Türkçülük gününün tanınmasında xüsusi xidmətimiz var. Bu bayram daha coşğu ilə qeyd edilməlidir. Türk məfhumuna qarşı gəlindiyi, “Azərbaycanlıyıq, türk deyilik” deyə çağırışların səsləndiyi bir dövrdə 3 May Türkçülük gününün qeyd olunması çox vacibdir. İnşallah, gələn il bu vaxt beynəlxalq simpozium keçirəcəyik. Türk dünyasının dörd bir yanından sənət, ədəbiyyat və mədəniyyət adamlarını dəvət edəcəyik.

- Adətən, geniş miqyasda tədbirin keçirilməsinə mane olan səbəblərdən biri də maddi məsələdir. Elə bir narahatlıq yaşamadınız ki?
- Əlbəttə, maddiyyat da önəmlidir. Amma bu gün elə önəmli gündür ki, biz 1 il boyunca ona hazırlaşırıq. Cəmiyyətimizin imkanları nəyə çatırsa, etməyə çalışırıq. Gənclərimiz çox sağ olsunlar, fədakarlıq edirlər, şölənlərimiz möhtəşəm və yüksək səviyyədə keçir. Maddi durum Türkçülük gününün qeyd olunmasına təsir etmir. Bu günün keçirilməsi üçün hər şeyi fəda edərik. Sadəcə, bu il hazırlığımız tam deyildi, arxa-arxaya yas düşdü deyə yaxşı hazırlaşa bilmədik.

- Bu günün tarixçəsinə qısaca nəzər yetirərdik...
- Türkiyədəki milliyyətçi kəsim, ülkü ocaqları 3 Mayı xüsusi gün kimi qeyd edirlər. 1944-cü ildə Türkiyənin özündə böyük yasaqlara rəğmən, türk gəncliyi türk milli kimliyinə sahib çıxıb türklük məfkurəsi üçün məhkəmədə mühakimə olunan Alparslan Türkeş, Nihal Atsızın müdafiəsi üçün yürüş edib, küçələrə tökülüb. Əslində, onları müdafiə etmək türk milli kimliyini müdafiə etmək, bu kimliyin dirilişi, oyanışı idi, o gündən bu yana 3 May türklük günü kimi qeyd edilir. Bu günün əhəmiyyətini bildiyimiz üçün Azərbaycanda qeyd edirik. Çünki bu həm də gəncliyin, bütövlükdə millətin türk milli kimliyinin dərk edilməsi günüdür. Özünə türk deyən insanları bu gün münasibətilə təbrik edirəm. İçimiz çox rahatdır. Azərbaycanda çox güclü türk milli kimliyinə sahib gənclik var. Onların yetişməsində əməyi olan birisi kimi gələcək nəsillərimizin türk milli kimliyini sonsuza qədər yaşadacaqlarına, o məfkurənin arxasınca gedəcəklərinə əminəm və ümidim çox böyükdür.

- Son dönəmlər deputat kürsüsündə əyləşən şəxslərdən tutmuş ziyalı adlandırdığımız adamlaradək bir çoxları türkçülüklə bağlı birmənalı qarşılanmayan fikirlər səsləndirirlər....
- Bu, sovet məfkurəsidir, rus imperializminin, şovinizminin, müstəmləkəsinin həsrətini çəkən adamların ortaya atdığı mövzudur. Bu millətin adı türkdür. Azərbaycançılıq edin də. “Azərbaycanlıyam” demək bu millətin adını danmağa əsas vermir axı. Azərbaycan coğrafi məkandır, bunu hər kəs qəbul edir. Bu ölkədə hər kəs milli kimliyini tanıyır, bunu danmır. Sovet dönəmində ermənilər, gürcülər dilini, əlifbasını da saxlamışdı, sinəsini qabardıb milli kimliyini uca səslə deyirdi. Biz isə Kiril əlifbasına uymuşduq. Siyasi iradə ilə milləti öz kökündən qoparmaq üçün cəhdlər olur. Amma özünə hörmət edən millət milli kimliyini danacaq səviyyəyə gəlib düşməməlidir. Türk milləti böyük millətdir. Tarixi yaradan millətin nümayəndəsi olmaq yaxşıdır, yoxsa yerlərdə sürünən millətə məxsus olmaq? Hərə öz milli kimliyi ilə qürur duysa, yaxşıdır. Düşünürəm ki, Azərbaycanın əhalisinin böyük əksəriyyəti türkdür və türk olması ilə fəxr edir.

- “Azəri” anlayışı ilə bağlı da zaman-zaman müzakirələr aparılır. Xüsusilə türkiyəlilərin bizi azəri adlandırması ətrafında mübahisələr olur. Sizin məsələ ilə bağlı fikirləriniz nədən ibarətdir?
- Biz özümüz-özümüzə azəri demişik, türkiyəlilər “azəri” deyəndə Azərbaycan türkünü nəzərdə tutur. Bu, ağız alışqanlığına keçib. Bizimkilər bunu qəbul etmirlər. Etməsinlər də. Biz özümüz onların bizə azəri deməsinə şərait yaratmışıq. Buna əvvəldən ciddi etiraz etməmişik. Türkiyəlilər Azərbaycanın türklüyünü danmaq və ya imtina etmək üçün belə demirlər. O cür təqdim olunduğu və bilindiyi üçün bizə azəri deyə müraciət edirlər. Əslində, buna ciddi etiraz etməliyik, zaman-zaman da edirik. Sadəcə, artıq bu cür müraciət ənənə halına keçib.

- Türkiyədə millətçilərin Türkçülük gününü məxsusi qeyd etdiyini vurğuladınız. İstərdim, referendumdan sonra Milliyyətçi Hərəkat Partiyasındakı (MHP) durumu şərh edəsiniz. Həm başqan Dövlət Baxçalı, həm də tanınmış siyasətçi Meral Akşənərlə yaxın münasibətləriniz var - bu partiyada nələr baş verir?
- Türkiyədə artıq referendum bitdi, nəticələr ortadadır. Milliyyətçi Hərəkat Partiyası da prezidentlik üsul-idarəsinə keçidə dəstək verdi. Mənim tanıdığım Dövlət Baxçalı çox ağıllı, siyasi təcrübəsi olan, baş nazirin müavini olmuş, güclü bir siyasi liderdir. Dövlət Baxçalı Türkiyənin əleyhinə heç bir sənədə imza atmaz. Baxçalını hansısa vəzifə ilə şirnikləndirib türk millətinin mənfəətlərindən vaz keçəcək hala gətirmək mümkün deyil. Dəfələrlə ona bəzi məsələlərlə bağlı sual vermişəm və cavablayıb. Əmin olub sevinmişəm ki, nə yaxşı Türkiyədə MHP var və başında Dövlət Baxçalı kimi çox güclü siyasi lider duru. Bu, Türkiyənin təhlükəsizliyinin təminatıdır. 15 iyul hadisələri bir daha göstərdi ki, MHP-nin siyasi iradəsi olmasaydı, Türkiyə dövləti ortadan qalxardı. Ona görə söyləyirəm ki, Baxçalı və MHP Türkiyənin siyasi həyatında ən önəmli rolu olan partiyadır. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan da gördü. İkisinin yola çıxması və hökuməti birlikdə yürütməsi Türkiyə üçün xeyirli olacaq. Meral Akşənərə gəlincə, o, az qala 30 ilə yaxındır tanıdığım dəyərli siyasi liderdir, hörmət etdiyim xanım əfəndidir. Meral xanım haqda da eyni sözləri deyə bilərəm. Bir dəfə söhbətimizdə demişdi ki, hər şeydən imtina edər, amma Türkiyənin bütövlüyündən və türklükdən vaz keçmərəm. Dövlət bəylə yolları ayrı ola bilər, ancaq əmin olun ki, hər iki şəxsin mayasında və yolunun üstündə ən önəmli hədəf Türkiyənin birliyi, bərabərliyi və bölünməzliyidir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər