Bu məntəqələrin fəaliyyətinin bərpası şərtləri barədə Teleqraf.com-a iqtisadçı-ekspert Vüqar Bayramov danışıb.
İqtisadçının sözlərinə görə, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanuna edilən dəyişikliklərə əsasən artıq fiziki şəxslər də valyuta dəyişmə məntəqəsi sahibi ola bilərlər:
“Bunun üçün girov da tələb edilir. Qanunvericiliyə əsasən, girov vəsaitinin məbləği məntəqənin yerləşdiyi yerdən asılı olaraq dəyişir. Əgər məntəqə Bakıda fəaliyyət göstərəcəksə, o zaman 50 000 manat və 50 000 dollar girova ehtiyac olacaq.
Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində valyuta dəyişmə məntəqələrinə sahib olmaq istəyənlət 25 000 manat və 25 000 dollar girov qoyacaqlar. Digər bölgələrdə bu işi həyata keçirmək istəyənlər isə girov formasında 10 000 manat və 10 000 dollar ödəməlidirlər. Girov passiv vəsait kimi təqdim edilir və bu rüsum kimi qəbul edilməməlidir”.
Ekspert əlavə edib ki, valyuta dəyişmə məntəqəsinə sahib olmaq istəyən şəxs lisenziya almaladır: “Bunun üçün o, Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməlidir. Bu zaman ərizə ilə yanaşı ərizəçinin rezident hüquqi şəxs (qeyri-rezident hüquqi şəxsin filialı olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı) olduğunu təsdiqləyən sənədin surəti, ərizəçi rezident fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti, ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti, ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, rezident hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti, Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi (Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada borcun ödənilməsinə möhlət verilməsi və ya vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi halları istisna olmaqla) olmaması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış, təsisçinin (təsisçilərin) iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məhkumluğunun olmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış, girov məbləğinin ödənilməsi barədə bank sənədi də təsdiq edilməlidir”.
Qanunvericiliyə əsasən, ərizə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilir və həmin gün qeydiyyata alınır. Palata ən geci 3 iş günü müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməlidir.
Ərizə və sənədləri doğruluğunu yoxlayan palata ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və lisenziyanın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq palata onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim etməlidir.
Qanunvericiliyə əsasən, bütün çatışmazlıqlar, eyni zamanda, ərizəçiyə bildirilməlidir. Əgər çatışmazlıq aşkar edilərsə o zaman ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır.