23 May 2017 16:27
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın təkbaşına vasitəçiliyindən imtina edilməlidirmi? – Sorğu

“Atlas” Araşdırmalar Mərkəzi Azərbaycan-Rusiya münasibətləri və Azərbaycanın xarici siyasətinin yeni prioritetləri mövzusunda 500 respondent arasında sorğu keçirib.

Teleqraf.com-un məlumatına görə, sorğunun birinci sualı belə olub: “Rusiyada azərbaycanlıların dünyadakı ən böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək?”

Bu suala cavab verənlərin 87 faizi bu addımın azərbaycanlıların ən böyük təşkilatının fəaliyyətinin faktiki qadağan olunmasının Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcəyini söyləyiblər. Respondentlərin cəmi 8 faizi qeydiyyatın ləğvinin münasibətlərə heç bir təsiri olmayacağı düşüncəsindədir. 5 faiz isə suala “bilmirəm” deyə cavab veriblər.

Bu mövzunun davamı olaraq respondentlər “Sizcə Rusiyada azərbaycanlıların diaspor təşkilatının fəaliyyətinin qadağan olunmasının arxasında hansı qüvvələr dayanır” sualına belə cavab veriblər: “Rusiya hakimiyyəti” – 57 faiz, “Rusiyadakı erməni lobbisinin təsiri altındakı qüvvələr” – 34 faiz və “Səbəb Ümumrusiya Azərbaycan Konqresinin sənədlərinin qaydasında olmamasıdır” – 9 faiz.

Sorğunun üçüncü “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçilyini necə qiymətləndirirsiniz” sualına cavab verənlərin mütləq əksəriyyəti (93 faiz) Moskvanın təkbaşına vasitəçilyini Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcəyini, əksinə işğalın davamına şərait yaratdığını bildiriblər. Sorğuya qatılanların yalnız 5 faizi Rusiyanın münaqişənin həllinə çalışdığını, 2 faizi isə bu haqda bir fikirlərinin olmadığını deyiblər.

Sorğunun dördüncü sualı belə olub: “Azərbaycan Rusiyanın təkbaşına vasitəçiliyindən imtina etməlidirmi?” Cavablardakı nisbət belə olub: “Bəli, imtina etməlidir” – 78 faiz, “xeyr, imtina etməməlidir” – 12 faiz, “imtina etməməli, ancaq digər iki həmsədr – ABŞ və Fransanın da prosesdə iştirakına çalışmalıdır” – 10 faiz.

Sonuncu “Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda Azərbaycan xarici siyasətdə və təhlükəsizliyinin artırılmasına hansı alternativlərə üstünlük verməlidir” – sualında respondentlərə aşağıdakı cavab variantları təqdim olunub və nəticələr belə bölünüb:

a) Türkiyə ilə yeni hərbi əməkdaşlıq sazişi imzalanmalı, ayrıca Türkiyənin Azərbaycanda, o cümlədən Naxçıvanda hərbi bazasının və ya hərbi təlim mərkəzinin yaradılması məqsədilə Ankara ilə danışıqlar başlanmalıdır – 53 faiz

b) NATO ilə hərbi əməkdaşlıq genişləndirilməlidir – 24 faiz

c) Avropa İttifaqı ilə inteqrasiya sürətlənməlidir – 14 faiz

d) Alternativlərə ehtiyac yoxdur, Rusiya ilə strateji tərəfdaşlığa davam edilməlidir” – 9 faiz.


Müəllif: Səxavət

Oxşar xəbərlər