Müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələbləri nəzərə alınmaqla elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi və dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu maarifləndirmə işində ölkənin bir çox nüfuzlu elm bə təhsil müəssisələri, dövlət qurumları və ictimai təşkilatlarla sıx əməkdaşlıq edir.
Bu sırada şəhər və rayonların icra hakimiyyəti orqanları, eləcə də bölgələrdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri ilə birgə tədbirlərin təşkili xüsusilə əhəmiyyətlidir. Fəaliyyəti dövründə Bilik Fondu Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin, Heydər Əliyev irsinin dərindən öyrənilməsi, tədqiqi, geniş təbliği, qorunub saxlanılması, hərtərəfli inkişaf etdirilməsi və tətbiqi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi istiqamətində Şəmkir, Şamaxı, Ağcabədi, Tərtər, Astara, Abşeron və digər rayonlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri ilə bir sıra maarifləndirici tədbirlər həyata keçirib.
Növbəti tədbir Ağsu Rayon İcra Hakimiyyəti və rayonun Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində keçirilib.Yerli ictimaiyyət nümayəndələrinin, ziyalı və gənclərin iştirakı ilə keçirilən görüşdə qonaq qismində Bilik Fondunun icraçı direktoru Oktay Səmədov iştirak edib. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humaniitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva dövlətin regionların inkişafına göstərdiyi diqqət və qayğıdan, yüksək bilikli və bacarıqlı insan kapitalının formalaşmasında əhalinin maarifləndirilməsi işinin əhəmiyyətindən, bu sahədə müxtəlif dövlət qurumları ilə əməkdaşlığın, elm adamları ilə canlı ünsiyyətin vacibliyindən söz açıb.
Tədbirdə “Milli-mənəvi dəyərlərimizdə İslam mədəniyyəti” mövzusunda mühazirə ilə çıxış edən AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılov azərbaycançılıq məfkurəsinin mahiyyəti, qədim tarixə və zəngin mədəniyyətə malik olan xalqımızın İslam mədəniyyətini özündə əks etdirən milli-mənəvi dəyərlərinin, adət və ənənələrinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsinin zəruriliyi barədə danışıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov “Bilik Fondunun fəaliyyəti “İslam Həmrəyliyi İli” kontekstində” mövzusunda məruzə ilə çıxış edib, Fondun ideoloji maarifləndirmə istiqamətində gördüyü işlər, həyata keçirdiyi layihələr barədə məlumat verib, yerli ziyalıları bölgə əhalisinin elmin müxtəlif sahələri üzrə biliklərinin artırılması işində əməkdaşlığa səsləyib.
Ağsu rayonu Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə yerli əhalinin maarifləndirilməsində Bilik Fondu ilə işbirliyinin faydalı olacağına, hər iki təşkilatın fəaliyyətinə yeni çalar qatacağına inam bəslədiyini bildirib.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Ağsu rayonu Heydər Əliyev Mərkəzi arasında yerli əhalinin maarifləndirilməsi istiqamətində birgə əməkdaşlığa dair Niyyət protokolu imzalanıb.