Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsinin SU-25 hücum təyyarələri təlim uçuşları həyata keçirib. SU-25 hücum təyyarələrinə texniki baxış keçirildikdən sonra uçuşlara icazə verilib.
Teleqraf.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, uçuş zolağına doğru hərəkət edən təyyarələr Naxçıvan səmasında uğurlu uçuşlar həyata keçiriblər.
Modernizə edilmiş SU-25 hücum təyyarəsi döyüş meydanında, istənilən hava şəraitində, gecə-gündüz quru qoşunlarının bilavasitə dəstəklənməsi və müxtəlif obyektlərin məhv edilməsi üçün təyin edilib.
SU-25 hücum təyyarəsi döyüşdə sağqalma və yüksəkmüdafiəli sistemlərə malikdir. Əsas diqqət pilot kabinəsinin və yanacaq sisteminin təhlükəsizliyinə yönəldilib.
Modernizə edilmiş SU-25 hücum təyyarəsinin güclü döyüş kompleksinə müxtəlif toplar, aviabombalar, “Hava-yer” idarəolunmayan, “Hava-hava” idarəolunan raketlər daxildir. Ümumilikdə təyyarəyə 32 növ silah quraşdırıla bilər.
Təlim uçuşlarının müvəffəqiyyətlə aparılması bir daha onu göstərdi ki, Əlahiddə Ümumqoşun Ordunun digər birləşmə, hissə və bölmələri kimi aviasiya eskadrilyası da istənilən döyüş tapşırığını uğurla və qətiyyətlə yerinə yetirməyə hazırdır.
Uçuşları uğurla başa vuran heyətlərə Komandanlıq tərəfindən təşəkkür elan edilib.