28 Avqust 2017 16:52
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun hökmdən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə Fikrət Fərəməzoğlunun vəkili müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması, əlavə şahidlərin dindirilməsi və digər vəsatətlərlə çıxış edib.

Vəkilin vəsatətlərinin heç biri təmin olunmayıb. Məhkəmə baxışı sentyabrın 11-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fikrət Fərəməzoğlu 7 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

İttihama görə, Xətai rayonundakı restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu Jam.az və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.

Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər