Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində keçiriləcək ticarət festivalı (“shopping festival”) ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasında turizmin inkişafı istiqamətində görülən işlərin davamı olaraq, 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində ticarət festivalının (“shopping festival”) təşkili məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 1,0 (bir) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".