Bu gün Axar.az saytının Güney Azərbaycan bölməsinin - Ga.Axar.az-ın 1 yaşı tamam olur.
2016-cı il dekabrın 1-də fəaliyyətə başlayan sayt qısa zaman ərzində dünyanın müxtəlif bölgələrində yaşayan və ərəb əlifbası ilə yazıb-oxuya bilən Azərbaycan türkləri dünyada və ölkəmizdə baş verən xəbərləri qərəzsiz, operativ şəkildə Ga.Axar.az-da öz ana dillərində oxuya bilirlər.
1 illik fəaliyyətləri ilə bağlı saytın redaktoru Əlirza Zamani bildirib ki, saytı İranda, İraqda, Əfqanıstan və Avropada yaşayan azərbaycanlılar izləyir:
“Sayt bu bir ildə güneyli soydaşlarımıza öz ana dillərində xəbər mənbəyi olmağa çalışdı və buna qismən də olsa nail ola bildi. Dünyada Azərbaycan dilində ərəb əlifbası ilə 100-dən artıq sayt var. Onların hamısı Azərbaycan dilinin ayrı-ayrı ləhcələrində və yaxud ərəb-fars cümlə strukturu və ifadələri ilə çalışır. Ga.Axar.az ədəbi dil normalarında yayımlanan yeganə saytdır. Saytımızın əsas hədəfi də ərəb əlifbasında oxuyub-yazan soydaşlarımıza Azərbaycan ədəbi dilində xəbər təqdim etməkdir”.
Əlirza Zamani bildirib ki, saytın oxucu auditoriyası Azərbaycan ədəbi dilindən ümumiyyətlə məlumatsızdır:
“Təəssüf ki, Azərbaycan respublikasından kənarda yaşayan və xüsusən ərəb əlifbası ilə yazıb-oxuyan milyonlarla soydaşımız Azərbaycan ədəbi dilini bilmirlər. Bu isə müəyyən mənada xəbərlərimizin anlaşılmasında problem yaradır. Çətinliyi aradan qaldırmaq üçün “Ana dili” bölməmiz fəaliyyət göstərir, dilçi alimlərimiz Azərbaycan ədəbi dil norma və prinsiplərini həddən artıq sadə və anlaşıqlı formada izah edən gündəlik məqalələr yazırlar.
Həmçinin Azərbaycan dilinin dialekt xüsusiyyətləri, dialektdə işlənən sözlər və ədəbi dildə qarşılığı, həmçinin yazılış forması da ayrıca bölümdə təqdim edilir”.
Ə.Zamani yaxın gələcəkdə bu sayədə görüntülü layihələr hədəflədiklərini də qeyd edib.