26 Dekabr 2017 14:43
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz 2017-ci ildə yaranmışıq və bu müddətdə gördüyümüz işin müəyyən effekti olub.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Ermənistan-Azərbaycan Sülh Platformasının azərbaycanlı həmsədri Rövşən Rzayev 2017-ci il üçün fəaliyyətlərini qiymətləndirərkən deyib.

Rzayev xatırladıb ki, bu ilikn oktyabrında Tiflisdə təsis konfransı keçirilib və Sülh Platformasının yeni heyəti müəyyən edilib, həmsədrlər seçilib:

“Eyni zamanda İdarə Heyətinin tərkibi müəyyən olundu. Biz həmçinin Minsk Qrupunun üzvü olan 11 dövlətə müraciət etdik. Onlar da, bu təşəbbüsə müsbət yanaşaraq Tiflisdəki toplantıda iştirak etdilər. Daha sonra Sülh Platformasının qurultayı keçirildi, gələcək fəaliyyətlə bağlı qərarlar qəbul olundu”.

Rövşən Rzayev qeyd edib ki, Sülh Platformasına erməni milləti tərəfindən böyük maraq var:

“Digər dövlətlərdən müəyyən qədər dəstəyimiz var, amma bu, yetərli deyil. Hazırda biz işimizi davam etdiririk, görüşlər keçirir, fikir mübadiləsində oluruq. Düşünürəm ki, bu dəfə Ermənistanın işğalçı rejimi bizə mane ola bilməyəcək. Çünki bu istək xalqının içindən gəlir. Biz marağı və inamı açıq görürük”.

Həmsədr qeyd edib ki, onlar erməni və Azərbaycan xalqları arasında itirilən münasibətləri bərpa etmək üçün addımlar atır:

“Bu, bizim təklif etdiyimiz yoldur. Nə qədər mümkün olsa, bu fəaliyyətimizi davam etdirəcəyik. Mən 2017-ci il üçün fəaliyyəti yüksək qiymətləndirirəm. Nəzərə almaq lazımdır ki, Sülh Platforması siyasətə qarışmır və siyasi bəyanatlarla çıxış etmir. Bizim işimiz insanlar arasında itirilən münasibətlərin bərpa olunmasıdır. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Düşünürük ki, bu inam və etibar müəyyən qədər əldə edilərsə, bunun böyük sülh danışıqları prosesinə öz müsbət töhvəsi ola bilər. Əlbəttə, biz bu cür düşünürük. Nəyin baş verəcəyini deyə bilmərəm, amma bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Hesab edirəm ki, 2017-ci il bu baxımdan uğurludur”.


Müəllif: Cavad

Oxşar xəbərlər