31 Dekabr 2017 20:59
1 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha bir ili başa vururuq. Yeni il yeni iş, təzə qayğı, köhnə il isə 12 ayın yekunu deməkdir.

Teleqraf.com 2017-ci il ərzində təhsil sahəsində baş verən əsas hadisələri təqdim edir.

Bu il təhsil sahəsində müxtəlif yaddaqalan, əlamətdar, bəzən də neqativ hadisələr baş verdi. Təhsil nazirinin vəzifədən azad edilərək başqa bir məsul posta təyin edilməsi, yeni rektorların təyinatı, bağlanan universitet, işdən azad olunan direktorlar, müəllim zorakılığına məruz qalan və döyülən şagirdlər...

Bağlanan universitet, yeni rektorlar

İlin ilk ayında Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin fəaliyyəti dayandırıldı. Universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alan Təhsil Nazirliyi Təfəkkür Universitetinin yeni akkreditasiyadan keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi barədə qərar verdi.

Qafqaz Universitetinin rəhbərliyi isə yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlandığı və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırdı, qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsini xahiş etdi.

Daha sonra bu ali təhsil müəssisəsinin bazasında Bakı Mühəndislik Universiteti yaradıldı. Təhsil Nazirliyinin tabeliyində olan universitetə professor Havar Məmmədov rektor təyin olundu.

Bu ilin mart və iyun ayında daha iki universitetə rektor təyinatı oldu. Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov vəzifəsindən azad edilərək onun yerinə Səadət Əliyeva təyin olundu. Azərbaycan Prezidenti İlham Əliyev Kamal Abdullayevin Azərbaycan Dillər Universitetinə rektor təyin edilməsi ilə bağlı sərəncam imzaladı.

Dünya şöhrətli Lütfi Zadə

2017-ci ildə dünya şöhrətli alim Lütfi Zadə vəfat etdi. O, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi.

Sentyabrın 5-də 96 yaşında Kaliforniyada vəfat edən Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlmişdi.

Lütfi Zadə bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri idi.

Sentyabrın 29-da onun cənazəsi Azərbaycana gətirildi və mərhum I Fəxri Xiyabanda dəfn olundu.

Çıxarılan direktorlar, bıçaqlanan şagird

2017-ci ildə 200 və 43 saylı Məktəb Lisey Kompleksi​nin direktoru Qafar Hüseynovun işdən azad olunmasına etiraz edən valideynlər məktəb qarşısında aksiya keçirdi. Bakı Şəhər Təhsil İdarəsi isə Lisey Kompleksi​n direktorunun səhhəti ilə bağlı vəzifəsini icra edə bilmədiyini açıqladı.

Göygöl rayonunda şagirdin öz məktəb yoldaşını bıçaqlaması, Bakının Nizami rayonundakı Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəb müəlliminin 4-cü sinif şagirdini döyməsi, Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllim tərəfindən xəsarət yetirilməsi də yola saldığımız ilin olayları sırasındadır.

Xaçmaz rayonunun Arzukənd məktəbində də xoşagəlməz hadisə baş verdi. 62 yaşlı direktor Gülfərz Alxasovun 6-cı sinif şagirdi olan qıza təcavüz etməsi xəbəri ciddi ictimai təpgi ilə qarşılandı. 1955-ci il təvəllüdlü direktor vəzifəsindən kənarlaşdırıldı.

2017-ci il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 30-a yaxın təhsil müəssisəsinə yeni direktor təyin olundu və ya direktorların yerdəyişməsi aparıldı.

Bu ilin son ayında Prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad edilərək, vergilər naziri təyin olundu. Nazir vəzifəsinin müvəqqəti icrası müavin Ceyhun Bayramova tapşırıldı. Hələlik nazir postuna təyinat yoxdur.

İlin sonuna az qalmış ermənipərəstlikdə günahlandırılan müəllim işdən azad edildi. 220 nömrəli məktəb-lisein müəllimi Rövşən Əzizovun fəaliyyət və davranış uyğunsuzluğu ilə bağlı müvafiq daxili araşdırma aparıldı və o, pedaqoji sahədən uzaqlaşdırıldı.

Yola salacağımız ilin təhsil hadisələrini Teleqraf.com-a ekspert Kamran Əsədov şərh etdi.

Ekspertin sözlərinə görə, 2017-cı il təhsil sistemində müasir idarəetmə modelinin tətbiqi, şəffaflığın təmin edilməsi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahat və tədbirlərlə yadda qaldı:

“Bu il təhsil sahəsində həyata keçirilən islahatları və görülmüş işləri hissələrə bölsək birinci yerdə məktəbəqədər təhsil müəssisələrinə qəbul tutur. Ölkənin bütün rayon və şəhərlərinin ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə qəbulu onlayn qaydada aparıldı. Qeyd edim ki, məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 89 min nəfərdən artıqdır.

Əvvəlki illərlə müqayisədə, 2017-ci ildə respublika fənn olimpiadalarının birinci mərhələsində iştirak edən şagirdlərin sayında xeyli artım var. Belə ki, iştirakçıların sayı 30 min nəfər olub. Qaliblər arasında paytaxtla müqayisədə bölgə məktəbliləri üstünlük təşkil edib, 300-dən çox şagird olimpiadanın qalibi adına layiq görülüb.

Təhsil Nazirliyi tanınmış alimlərin iştirakı ilə ənənəvi “Novruz mühazirələri”ni davam etdirdi. Mühazirələrdə elm və təhsilin müxtəlif sahələri ilə bağlı fərqli yanaşmalar ortaya qoyuldu, iştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıldı.

Azərbaycan təhsil sistemi üçün inqilabi dəyişiklik hesab olunan ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrlar üçün təlimlər təşkil edildi. 300-dən çox direktor müsahibə və müsabiqə yolu ilə ilk dəfə vəzifəyə təyin olundu. Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirildi. Müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 9 minə qədər şəxs müəllim adı qazandı. Onlardan 4 minə qədəri kənd məktəblərində həvəsləndirmə yerləri tətbiq olunan vakant vəzifələri seçdi”.

Kamran Əsədov qeyd etdi ki, bu il ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarında müsbət dinamika müşahidə olundu:

“IX siniflər üzrə imtahanlarda 104476 nəfər məzun iştirak etdi. Məzunların 70262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət aldı. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz yaxşıdır. XI siniflər üzrə imtahanlarda 84589 nəfər məzun iştirak etdi. Bu məzunların 54704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət aldı.

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbi təşkil olundu. 2017-ci ildə ali məktəblərin I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 78545 abituriyent iştirak etdi. Ümumilikdə, 200-dən və 600-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artdı”.

Kamran Əsədovun fikrincə, bütün müsbət nəticələrlə yanaşı, hələ də qəzalı vəziyyətə olan məktəb binaları qalır:

“2017-ci ildə də dövlət başçısının tapşırığı ilə böyük sayda məktəb binası tikilib istifadəyə verildi. Bu, ciddi müsbət addımdır.

Bununla belə, bəzi xoşagəlməz hadisələr də yaşandı. Məktəblilər arasında intihar hadisələrinin çoxaldığı müşahidə olunur və ortaya çıxan rəqəmlər çox təhlükəlidir.

Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin ölkəyə qayıtdıqdan sonra diplomlarının tanınması ilə bağlı problemlər 2017-ci ildə də öz həllini tapmadı. Təmayül sinifləri yaradılsa da, hələ də bu, tam şəkildə bərqərar olmayıb. Dərsliklər problemi həll olmamış qalır. Ümumilikdə 2017-ci ildə Təhsil Nazirliyinin fəaliyyətini isə qənaətbəxş hesab etmək olar”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər