Sidik kisəsi çöldə doğulan 2 aylıq oğlan uşağı olduqca çətin hesab edilən cərrahi əməliyyat olunub.
Bu barədə Teleqraf.com-a uroloq-cərrah Fuad Hüseynov məlumat verib.
Onun sözlərinə görə, xəstəliyə nadir rast gəlinir: “100 min uşaqdan 3-də bu cür hallarla rastlaşırıq. Uşağın valideynləri bizə müraciət etdiyində artıq 2 aylıq olan körpəylə bağlı apardığımız müayinələr nəticəsində məlum oldu ki, onun sidik kisəsi, sidik axarları çöldədir, sidik kanalı yoxdur, cinsiyyət orqanı isə açıq şəkildədir.
Əməliyyatdan öncə çəkilən rentgendə qasıq sümükləri arasındakı məsafə böyük olduğu üçün Uzman travmatoloq Fərhad Verdiyev tərəfindən arxadan qılça sümükləri kəsildi. Çəkisi 3,5 kq olan körpə üzərində uşaq cərrahiyyəsinin ən çətin əməliyyatlarından olan sidik kisəsi ekstrofiyasının təmiri əməliyyatını uğurla icra etdik.
Yəni sidik kisəsi ətraf toxumalardan sərbəstləşdirilərək normal yerinə yerləşdirildi. Ardından qasıq sümükləri yaxınlaşdırıldı, sidik kanalı bərpa edildi”.
Cərrah qeyd edib ki, hazırda uşağın vəziyyəti yaxşıdır və artıq yaşadığı rayondadır.