Bakıda aparılan araşdırma nəticəsində 241 binada su basmış zirzəmi aşkarlanıb.
Bunu Teleqraf.com-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
Onun sözlərinə görə, belə zirzəmilər daha çox doqquz mərtəbəli yaşayış binalarda müşahidə olunur: “Bu kimi hallar Bakının əksər rayonlarında qeydə alınıb. Sulu zirzəmilərin sayında artım müşahidə edilir. Xətaidə 48, Suraxanıda 36, Qaradağda 35, Xəzərdə 20, Nizamidə 10, Nəsimidə 14, Nərimanovda 6, Binəqədidə 14, Pirallahıda 12 və sair... Ümumilikdə 241 binanın zirzəmisini su basıb”.
Ziyəddin Kazımov qeyd edib ki, binadakı problemin aradan qaldırılması üçün dezinfeksiya işlərinə ehtiyac var.
Bakı şəhər İcra Hakimiyyətinin Mənzil komunal Təssərüfat Departamentindən bildirilib ki, hər rayonun icra hakimiyyətləri ərzisində yerləşən binalardakı problemlə bağlı Mənzil Kommunal Birlikləri ilə müqavilə bağlamaq hüququna malikdir: “Eyni zamanda rayon ərazisində yerləşən müxtəlif təşkilatlarla da müqavilə bağlaya bilərlər. Həmin qurum və təşkilat problemlərlə bağlı binalarda araşdırma apara, dizinfeksiya işləri həyata keçirə bilərlər”.
Professor Adil Qeybulla bildirib ki, binaların zizəmisində yığılan sular insan sağlamlığı üçün böyük təhlükə yaradır: “Binalarda gigyenik tələblər pozulur. Paytaxta olan binaların zirzəmiləri sanitar normalara uyğun saxlanılmır. Bu da mikrobların inkişafı üçün əlverişli şərait yaradır. Məlumdur ki, mikroblar müxtəlif xəstəliklərin yayıcılarıdır. Azərbaycanda ağcaqanadların yaratdığı malyariya xəstəliyi mövcuddur. Bu xəstəliyi yayması üçün həmin zirzəmilər üstünlük təşkil edir.
Düzdür, bu xəstəliyi yayan mikrobların əsas ocağı respublika ərazisidndəki müxtəlif rayonlarda mərkəzləşib. Amma Bakıda da mümkündür. Mikroblarla müxtəlif xəstəliklər insana yoluxa bilər. Eyni zamanda, zirzəmi suları nəticəsində rütubət olur. Bu artıq xəstəlik deməkdir... Binanın ümumi gigiyenası üçün zirzəmilərdə yaranan suların qurudulması vacibdir”.
Adil Qeybulla qeyd edib ki, sovet dövründə tikilən binalar müəyyən standartlara malikdir: “Düzdür, yeni tikilən binalar daha müasir avadanlıqlarla təhciz olunub. Bütün bunlara baxmayaraq hər halda Bakı şəhərinin infrastrukturu bu qədər tikintiyə uyğun gəlmir. Tikinti işləri nomativlərə uyğun aparılmalıdır”.