6 Noyabr 2018 09:32
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son vaxtlar şou-biznes əhlinə məxsus dəbdəbəli evlərin, villaların və maşınların reklamı maqazin proqramlarının başlıca mövzusuna çevrilib. Açıq demək lazımdır ki, bu cür sifarişli verilişlər əksər hallarda cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılanır".

Teleqraf.com xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini, tarix elmləri doktoru, Əməkdar jurnalist Qafar Cəbiyev "Xalq qəzeti"ndə dərc olunan məqaləsində bildirib.

MTRŞ rəsmisinin sözlərinə görə, insanlar çox yaxşı bilirlər ki, alın təri ilə qazanılmış pullarla bu cür – ifrat dəbdəbə sahibi olmaq qeyri-mümkündür.

"İşi, vəzifəsi, qabiliyyəti, aylıq məvacibi və qazancı hər kəsə bəlli olan bəzi üzdəniraq “sənətçilərin” mənbəyi məlum olmayan pullar hesabına qurduğu hər cür dəbdəbəli həyat şəraiti başqaları üçün örnək kimi təbliğ oluna bilməz. Əksinə, əyri yollarla əldə olunmuş bahalı maşınları, oğurluq pullarla ucaldılmış dəbdəbəli villa və imarətləri təbliğ etməyin özü halal zəhmətlə dolanan vicdanlı insanlara qarşı hörmətsizlikdir. Bu cür üzdəniraq təbliğat nəticə etibarı ilə gənclərin əxlaqını pozur, xüsusən də onların peşə seçimində səhvə yol vermələrinə gətirib çıxarır. Bununla da ölkənin və millətin gələcəyi üçün əlavə problemlər yaratmış oluruq", - deyə o bildirib.

Qafar Cəbiyev qeyd edib ki, xəbər xidmətinin düzgün və səmərəli təşkili bütün dövrlərdə teleradio yayımçıları üçün prioritet istiqamət olub:

"Bu sahədə fəaliyyətini lazimı səviyyədə qura bilməyən yayımçılar heç zaman ciddi uğur qazana bilməyib və bundan sonra da qazanmayacaqlar. İndiki halda xəbərlər xidmətinin təşkili ilə bağlı əsas diqqət çəkən məqamlardan biri ayrı-ayrı yayımçıların sosial şəbəkələrin və bir para qeyri-ciddi saytların yoxlanılmamış informasiyalarının təsir dairəsindən çıxa bilməməsidir. Çox vaxt təqdim olunan xəbərlərin əhatə dairəsi ölkəmizin coğrafiyasını yetərincə əhatə etmir. Mərkəzdən nisbətən uzaq rayonların ictimai-siyasi və mədəni həyatına dair xəbərlər efirlərdə çox nadir hallarda yer alır. Bəzi telekanalların efirinin cəmiyyət üçün o qədər də önəmli olmayan kriminogen xəbərlərlə daha çox yüklənməsi də arzuolunmaz hal kimi dəyərləndirilməlidir".

MTRŞ-nin sədr müavini bildirib ki, bəzi aparıcıların şitliyi ucbatından tamaşaçı efirdən zövq ala bilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər