Azərbaycan, Türküstan, İdil-Ural, Krım mühacirəti ilə bağlı tədqiqatlar aparan türk tədqiqatçı Ömər Özcanın yeni kitabı çap olunub.
Teleqraf.com xəbər verir ki, “Bir vətəndən bir vətənə” adlanan kitabda azərbaycanlı mühacirlərin həyatından da maraqlı franqmentlər təqdim olunub.
Kitabda Məhəmmədəmin Rəsulzadə, Miryaqub Mirmehdiyev, Məhəmməd Ağaoğlu, Məhəmmədsadıq Aran, Mirzəbala Məhəmmədzadə, Məhəmməd Kəngərli, Dilşad Talıbxan Elbrus, Əflan Muğan, Cabbar Ərtürk kimi azərbaycanlı mühacirlərlə yanaşı Mirzə Kazımbəy, Ramiz Abutalıbov kimi Azərbaycanın böyük şəxsiyyətləri haqqında da məqalələr yer alıb.
Ömər Özcan Türkiyə dövlətinin arxiv materialları və mətbuatını tədqiq edərək mühacirlərimiz haqqında ilk dəfə üzə çıxan materiallar dərc edib.
Azərbaycan Cümhuriyyətinin qurucusu M.Rəsulzadənin müharibədən sonra Almaniyadan Türkiyəyə necə gəlməsi ilə bağlı kitabda verilən maraqlı hissəni təqdim edirik:
***
1946-da yenidən millət vəkili olan yaxın dostu Həmdullah Sübhi Tanrıövərin yaxından köməyi ilə rəsmi proseslərin sürətləndirilməsi və müsbət sonuclanması ilə Rəsulzadə 1947-nin sentyabr ayında Türkiyə vətəndaşlığı haqqını qazanıb. İndiyə qədər onun tərcümeyi-hal bilgilərində və əlaqədar qaynaqlarda Türkiyəyə dönüşünün təfərrüatı haqqında məlumatlara rast gəlmirik. Son günlərdə dönəmin qəzetlərində apardığım axtarışlar sırasında "Yeni İstanbul" qəzetində redaktor Mustafa Nərminin Rəsulzadənin vəfatından qısa bir müddət sonra qələmə aldığı "Mehmet Emin Resulzadenin Ana Yurda Son Dönüşü" başlıqlı yazısında bu mövzuda verdiyi bəzi bilgiləri əldə etdik.
Fəlsəfəçi Mustafa Nərmi (1890-28.6.1971) Paris və Berlində oxuyub; I Dünya savaşı bitdikdən sonra meydana gələn qarmaşıq durumda özü kimi təhsilə gələn bəzi türk tələbələrlə 1919-da Berlində marksist meyilli Türkiyə İşçi və Çiftçi Firqəsinin qurucuları arasında yer alıb, "Qurtuluş" adlı bir məcmuə nəşr etmişlər. 1933-dən öncə İstanbul Universitetində müəllimlik edib; "Cümhuriyyət", "Yeni İstanbul" və "Hürriyyət" qəzetləri üçün yazıb.
"Yeni İstanbul"da ilk səhifədə baş məqalələr qələmə alıb. II Dünya savaşının son dönəmində yaşadığı Almaniyadan çıxa bilməyib, Mittenvaldda on ay Rəsulzadə ilə birlikdə olaraq düşərgənin irəli gələnləri arasında yer alıb, iş təşkilatının müdir yardımçısı olub, burada qaldığı son dönəmində türk sakinlərin başçısı edilib və ona özəl bir otaq ayrılıb.
İzar çayının sahilində şam meşələrinə bitişik Pionler-Kaserne adlı alman qışlasında böyük bir qəsəbə boyda düşərgədə binalar, baraklar, küçələr və türk uruqlarının qurduğu orta ölçüdə teatr vardı. Binaların balkonlarında, pəncərələrdə türk bayraqları görünür, türk elləri ləhcələrinin eşidildiyi, üç mindən artıq adamın yaşadığı düşərgədə altı-yeddi türkiyəli vardı. Düşərgənin ehtiyacını UNRRA ödəyirdi. Düşərgə idarəçiləri sakinlərə Türkiyənin onları qəbul etməkdə ağır davrandığını, bir müddət sonra Daxau düşərgəsinə köçürüləcəklərini, Bavyerada açılan Türkiyə konsulluğuna gedərək mövzu ilə maraqlanmalarını tövsiyə edib.
Amerikalı düşərgə müdiri və M.Nərmi digər türkiyəli sakinlərlə Rəsulzadə ailəsinə gərəkli icazənin verildiyini və üç günlük ərzaq hazırlandığını xəbər verib. Rəsulzadə krımlı bir türkün sürdüyü hərbi Amerika kamyonunda Mustafa Nərminin başçılığı altında səkkiz nəfərlik dəstə ilə Münhen vağzalına gəlib və orada Paris qatarına minib. O, kamyonda bir çuval üzərində oturmalı olub. Yolda xarab olan kamyonun təmiri üçün bir kənddə gözləyərkən qatara gecikmə təlaşı yaşayıblar.
Xoşbəxtlikdən, qatara vaxtında çatıblar, ancaq mindikləri vaqonda amerikalı bir zabitlə onun kupe və koridorda artıq yer tutan əşyalarının çoxluğu üzündən mübahisə ediblər. Alman-fransız sərhəd stansiyası Kehldə sənədləri yoxlanılarkən Fransa vizası alınmadığını görən fransız məmuru yola davam edə bilməyəcəklərini bildirərək əşyalarını qatardan düşürmələrini tələb edib. Kiçik dəstəni düşərgəyə geri dönmək həyəcanı bürüyüb. Mustafa Nərmi fransız məmura dərdlərini kimə anlada biləcəklərini soruşduqda stansiyadakı zabitlə danışa biləcəkləri cavabını alıb. Rəsulzadə vaqondan endirilmiş əşyaların, çamadanların başında gözləyərkən Mustafa Nərmi axtarıb tapdığı fransız zabiti ilə danışdığında "olmaz!" cavabı alıb. Ancaq o, ruhdan düşməyərək dərədən-təpədən söhbətə başladıqda bəlli olub ki, bu zabit onun atası ilə Paris Universitetində birgə oxuyub və onun ən yaxın dostu olub. Bu anlaşılınca qatarın yola düşməsinə on dəqiqə qalmış zabit bütün məsuliyyəti öz üzərinə götürərək Fransa torpaqlarına girmələrinə icazə verib.
Vaqona yenidən yerləşmiş dəstənin əsəbləri hələ gərginmiş. Qatar hərəkətə gələndə bir-biriylə qucaqlaşıblar, Rəsulzadənin gözləri yaşarıb.
Mustafa Nərmi Mittenvald düşərgəsini Ərgənəkon adlandırır, dünyada hər sıxıntının bir bozqurdu olduğunu söyləyir. O, yazısını Rəsulzadənin bəxtiyarlıqdan gözlərinin alov-alov yandığını, illər sonra yurduna - Türkiyəyə döndüyünü, Türkiyənin onun üçün başqa bir Azərbaycan olduğunu bildirən cümlə ilə bitirib.
Yazıda səyahətin Parisdən sonrakı davamı haqqında bilgi verilməsə də, bəllidir ki, o dönəmdə qatar yolu ilə güneyə - Marselə gedərək orada Türkiyədən gələn gəmilərə minir, dəniz yoluyla İstanbula yola düşürdülər. Rəsulzadəgilin dəstəsi də, şübhəsiz, eyni yolla gedib.