Bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) dəstək” Tvinninq layihəsinin ekspertləri tərəfindən layihə çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, qeyd olunub ki, əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində milli qanunvericilik bazasının təkmilləşdirilməsi, tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi, əlilliyi olan şəxslər üçün yeni reabilitasiya xidməti növlərinin təmin edilməsi ƏƏSMN-nin əsas fəaliyyət istiqamətlərindən biridir. Tvinninq layihəsi bu sahədə Fransa, Almaniya və Litvanın müvafiq dövlət qurumları ilə əməkdaşlığa, müvafiq təcrübə mübadilələrinin aparılmasına imkan verir. Görüşdə qeyd olunan ölkələrlə aparılan təcrübə mübadilələri ilə bağlı məsələlər və gələcək perspektivlər nəzərdən keçirilib. ƏƏSMN-nin mütəxəssislərinin də daxil olduğu layihənin ekspert qrupunun gələn ay Litva Respublikasına edəcəyi səfərin detalları da müzakirə olunub.
Litvanın əsasən sosial reabilitasiya xarakterli təcrübəsinin öyrənilməsinin diqqətdə saxlanılacağı bildirilib, səfər zamanı ekspert heyətinin bu ölkədə görüşlər keçirəcəyi qurumlar, iş təcrübəsi öyrəniləcək qabaqcıl reabilitasiya müəssisələri müəyyən olunub.
NAİBƏ