20 Dekabr 2018 22:15
1 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

V Yazı

Əvvəli burada

Mühacirətdə Amerikaya gedən həmvətənlərimiz arasında legioner Məcid Musazadə də var.
Məcid Musazadə 1914-cü il oktyabrın 10-da Bakıda doğulub. Bakı İqtisadi Texnikumunu bitirib, üç il mühasib vəzifəsində çalışıb, 1936-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1941-ci ildə təhsilini başa vurana kimi Nizami adına Dövlət Ədəbiyyat muzeyində işləyib (1939-1941).

II Dünya müharibəsi başladıqdan sonra M.Musazadə hərbi xidmətə aparılır. Qohumu Bənövşə Ağamalıyeva onun müharibəyə göndərilməsi ilə bağlı bunları xatırlayır:

“… Alman dilini gözəl bilirdi. Eşitdiyimə görə, universitetdə alman dilində buraxılan divar qəzetinin redaktoru idi. 1941-ci ildə müharibə başlanandan bir ay sonra onu apardılar. Əvvəlcə Salyanski kazarmada 4-5 ay komandirlik oxudu. Həftədə bir dəfə iki saat evə buraxırdılar. Məcidin atası ilə bizim atamız lap cavanlıqdan dost olublar. Onları nişanladılar. 1941-ci ildə toya üç gün qalmış müharibə başladı... Məcid tək oğul olduğu üçün atası onu müharibəyə göndərməzdən əvvəl evləndirmək istəyirdi. Atama yalvardı ki, sənin 6 uşağın var, elə bil birini mənə verirsən. Qoy toy edək, Məcid getsə də, gəlin qalsın yanımızda. Atam da, bacım da yarıkönül razılaşdılar. Heç toy da olmadı. Biz Kürdəmirdə yaşayırdıq, Məcidgil Bakıda. Kəbin kəsildi, evləndilər. Bir həftə sonra Məcidi əsgər apardılar”.

Daha sonra Məcid Musazadənin ölüm xəbəri gəlir. Halbuki, o, müharibədə həlak olmamış, alman cəbhəsinə keçərək SSRİ-yə qarşı mübarizəyə başlamışdı.

Ramiz Abutalıbovun xatirəsi

Tanınmış diplomat, mühacirətşünas alim, mühacirlərimizlə bilavasitə görüşmək imkanı olan Ramiz Abutalıbov “Azadlıq Radiosu”na müsahibəsində onun legioner həyatı və şəxsən tanış olması ilə bağlı bunları bildirib:

“1942-ci ildə əsir düşmüşdü, legionçulara qoşulmuşdu. Legionçuların orqanı olan “Azərbaycan” qəzetinin birinci nömrəsi Fuad Əmircanın redaktorluğu ilə çıxmışdı. Amma Fuad bəy Türkiyə türkcəsi ilə yazdığından, legionçular qəzeti tam anlamırdılar. O üzdən ikinci nömrədən qəzet Məcid Musazadənin redaktorluğu ilə çıxmağa başladı. Sonra legionçular 1943-cü ildə böyük bir Konqres keçirdilər. O Konqresdə Milli Birlik Məclisi yaradılmışdı. Azərbaycanın istiqlalı ön plana çəkilmişdi. Konqresin təşkilat komitəsində polkovnik İsrafil bəy və Məcid Musazadə vardı. Məcid Musazadə Nyu-Yorkda da yaşamışdı. “Amerikanın səsi”ndə işləməyə başlayan ilk azərbaycanlılardandır. Hətta Nyu-Yorkda Ənvər Sultanzadə ilə ilk Amerika-Azərbaycan Cəmiyyəti də yaratmışdı. Məcid Musazadə ilə məni ilk dəfə İkinci Dünya müharibəsindən sonra Avropada qalan soydaşlarımızdan biri-Qədir Süleymanoğlu tanış etdi.

Qarabağ məsələsi təzə başlamışdı. O vaxt Bakıda “Samizdat” nəşrlər çıxırdı. Bakı Universiteti buraxırdı, Bəxtiyar Vahabzadə, Süleyman Əlyarlı məqalələr yazırdılar. Mən də onları Məcid müəllimə göndərirdim. Hərçənd o vaxt təqaüddəydi, amma bütün materialları “Azadlıq Radiosu”na verirdi… Bir məqaləni də mən yazmışdım, müəllifini Çingiz Səttarov adlandırmışdım, axı sovet vətəndaşıydım, ora açıq yaza bilməzdim. Qarabağ məsələsindən yazdım, göndərdim Məcid müəllimə, verdi radioda. Məcid Musazadənin təxəllüsü Kərsalani idi. Müharibə dövrü redaktoru olduğu “Azərbaycan” qəzetini belə imzalayırdı—Məcid Kərsalani. Son dəfə onunla Türkiyənin Kayseri şəhərində görüşdük. Orada 1-ci Millətlərarası Azərbaycan Konqresi keçirilirdi. Konqresdən bir az sonra dünyasını dəyişdi”.

M.Musazadənin Bakıdakı həyat yoldaşından Namət adlı bir övladı olur. Məcidin “ölüm” xəbəri gəldikdən sonra xanımı Nazlı oxuduğu Tibb İnstitutunu tərk etməli olur. Qardaşının cəbhədən göndərdiyi bilgiyə görə, tibb sahəsində 6 ay təhsil alanları da əsgərlərə tibbi xidmət göstərmələri üçün cəbhəyə aparırlar. Həyat yoldaşının vəfatı xəbərini alan, üstəlik bir övlad gözləyən Nazlı xanım institutu tərk edir. Qismətə bax ki, uşaq doğulandan 20 gün sonra Məcidin atası qəzaya düşüb həlak olur. Nazlının bacısı Bənövşə xanım o illəri, həm də Məcidin ölmədiyi ilə bağlı necə xəbər aldıqlarını belə xatırlayır:

“Atam gəldi Bakıya, bacımı qayınanası ilə bir yerdə Kürdəmirə apardı. Orada yaşadıq, uşaq böyüdü, bacım qiyabi ali pedaqoji təhsil aldı. Gecə-gündüz, hər gün, hər il, hər dəqiqə, hər saniyə Məcidi gözləyirdi… O vaxt mən ərə getmişdim. Həyat yoldaşım zabit idi, Almaniyada xidmət edirdi. Bir dəfə məzuniyyətə gələndə, bacım mənə gizlicə bir kağız göstərdi. Kağızı ona Məcidin keçmiş universitet müəllimi gətiribmiş. Müharibə bitəndən sonra legionçuların düşərgəsində bu müəllim Məcidlə qarşılaşıb. Məcid ona kağız verib ki, filankəslərə çatdır. Müəllim qorxudan o kağızı gizlədib, bir neçə aydan sonra gətirib Nazlıya vermişdi ki, sənin ərin sağdır. O kağız bacım ölənə qədər—2002-ci iləcən onda idi... O, bildi ki, Məcid sağdır, evlənib, hətta uşaqları olub, ondan sonra ərə getməyə razı oldu. Mənim bibim oğlu da müharibədə əsir düşmüşdü. O, qayıdanda danışırdı ki, Məcidi orda görüb. Azərbaycan dilində buraxılan qəzetin redaktoru imiş. Düşərgədə azərbaycanlılar arasında təbliğat aparırmış”.

Kəngərlinin xatirəsi

Tanınmış legioner, Məhəmmədəmin Rəsulzadənin silahdaşı, uzun illər Azərbaycanın istiqlalı uğrunda çalışmış və müstəqilliyə şahid olmuş Məhəmməd Kəngərli M.Musazadə ilə necə tanış olmasını belə xatırlayırdı:

“Onunla ilk dəfə 1943-cü ilin payızında Berlində Fuad Əmircan bəyi ziyarətə getdiyim zaman qarşılaşmış və Berlindən ayrılaraq Krım və Qafqaza hərəkətimdən sonra da müharibə bitənə qədər arabir xəbərləşmək imkanım olmuşdu. Ardınca 1944-cü ilin sonlarında onu legionerlərin müharibə əhval-ruhiyyəsinin araşdırılması ilə bağlı vəzifəli olduğu Macarıstanın Vesprem şəhərində görmüşdüm. Qısa zaman sonra da təkrar Berlinə dönmüşdü.

Müharibədən sonra Münhendə idik. 1948-ci ildə Berlin mühasirəsindən sonra ingilis silahlı qüvvətləri axtararaq bizi tapmış, Sovetlərlə vəziyyətin gərginləşməsi üzərinə quracaqları Azərbaycan Milli Komitəsində vəzifə almamızı istəmişdilər. Professor Gerhart Von Mendenin vasitəsilə Müsavat Partiyasının keçmiş Berlin İstiqlal Komitəsi başqanı Hilal Münşi Sabutayın rəhbərliyində təşkil edilən 6 nəfərlik bir heyətlə Almaniyanın Bielefeld şəhərinə bağlı “Senne II”dəki ingilis işğal qüvvətləri qərargahında müşavir olaraq bərabər çalışmışdıq. İngilislərlə aramızdakı bəzi fikir ayrılıqlarına görə, mən və bir dostum 1949-cu ilin sonu oradan ayrılmışdıq (Azərbaycan Milli Müsavat Partiyasının liderinin təlimatına əməl edərək), Məcid Musazadə və bəzi dostlar çalışmağa davam etmişdilər”.

Musazadənin Nyu-York həyatı

1950-ci illərdə Məcid Musazadə Nyu-Yorka köçür, orada Ənvər Sultanzadə ilə Amerika-Azərbaycan Cəmiyyətini yaradır. 1989-cu ildə Münhendən Azərbaycana göndərdiyi bir məktubunda Musazadə Nyu-Yorkda bayrağımızı necə ucaltmasından belə bəhs edir:

“Azərbaycan Xalq Cəbhəsinə hədiyyə göndərdiyim bu üç rəngli Milli Bayrağımızın qısa hekayəsini sizlərə bildirməyi də məqsədəmüvafiq sayıram. 33 il bundan əvvəl - 1956-cı ilin 23 oktyabrında macar xalqı Kreml rəhbərliyinin təzyiqinə qarşı ayağa qalxdığı zaman Nyu-Yorkda yaşayır, sovet özbaşınalığından cana doyan digər xalqların mühacir qrupları ilə əlaqə saxlayırdım. Təxminimə görə, noyabrın başlarında Macarıstandakı xalq üsyanının sovet tankları və süngüləri zoruna boğulmasına etiraz əlaməti olaraq şəhərin məşhur Roosevelt otelində kütləvi yığıncaq keçiriləcəyi xəbərini aldım. Təbii, bu toplantıda Azərbaycanın yerini boş qoymaq olmazdı. Dərhal bütün ölkələrin bayrağının satıldığı bir dükana getdim.

Fəqət o zaman Amerika Birləşmiş Ştatlarında Azərbaycan adında bir məmləkətin mövcud olduğunu çox az adam bilirdi. Bu səbəbdən dükanda hazır Azərbaycan bayrağı yox idi. Zənnimə görə indi də belə hazır bir Azərbaycan bayrağı satışda yoxdur. Sifariş vermək lazım idi. Fəqət vaxt da çox dar idi. Dükan sahibinə dərdimi anlatdım, məsələni qavradıqdan sonra onu iki günə hazırlayacağına söz verdi. Üçüncü gün bayrağı alıb, oradan da toplantı yerinə getdim. Yığıncaqda məndən başqa 10-12 azərbaycanlı mühacir daha var idi. Beləliklə, toplantının rəyasət heyətində müxtəlif xalqların milli bayraqları ilə yanaşı bizim milli bayrağımız da asılmışdı. Milli bayraqlar səhnədə nümayiş etdirildi və sürəkli alqışlarla qarşılandı.

O vaxtdan bəri bu bayraq Azərbaycanla əlaqədar müxtəlif toplantı və iclaslarda - Azərbaycanın istiqlal bayramlarında, sovet rəhbərliklərinin milli siyasətinə etiraz yığıncaqlarında iftixarla dalğalanıb, xalqımızı və onun iradəsini tərənnüm edib. 33 yaşında olan Milli bayrağımızın Azərbaycan Xalq Cəbhəsinə uğurlar gətirməsini, onun müstəqilliyə, azadlığa təyin müqəddəratına gedən yolu işıqlandırmasını tərənnüm edir, onun bu yolda inadla mübarizə edən cəfakeş idarəçilərinə səmimi qəlbdən müvəffəqiyyət diləyirəm”.

“Əli və Nino”nun ilk tərcüməçisi

R.Abutalıbov müsahibəsində M.Musazadənin sonrakı həyatı ilə bağlı bunları bildirib:
“Müharibədən sonra “Azadlıq Radiosu” yarananda, Azərbaycan xidmətinin rəhbəri Azərbaycan legionçularının başçısı Fətəlibəyli-Düdənginski oldu. İsmayıl Əkbər, Məcid Musazadə, Əli Həsənzadə və b. Münhendə işləməyə başladılar. Əvvəllər sıravi işçi idi. İsmayıl Əkbərdən sonra 1977-79-cu illərdə “Azadlıq Radiosu” Azərbaycan xidmətinin rəhbəri olmuşdu. Təqaüdə çıxmışdı. 1988, ya da 89-cu il idi, məni qonaq çağırdı, Parisdən Münhenə getdim, onların evində qonaq qaldım. “Əli və Nino”nu Azərbaycan dilinə ilk dəfə o tərcümə etmişdi. Həmin tərcüməni də mənə verdi. Böyük arxivi vardı. Hamısını gətirə bilmədim. Məni Nyu-Olm şəhərinə, Fətəlibəyli-Düdənginskinin məzarını ziyarətə də apardı. Həyat yoldaşı alman idi—İren Qreqori-Musazadə. İki qızları vardı, amma onları görə bilmədim, ABŞ-da idilər. Məcid müəllimin ölümündən bir il sonra Münhenə getdim. Həyat yoldaşı ilə birgə qəbrini ziyarət etdim. Alman qəbiristanlığında dəfn olunub”.

1989-cu ildə Musazadənin oğlu atasının yanına gedir, onunla görüşür. Bakıdakı ailəsi tərəfindən ona fotoşəkillər və vətənində qaldığı ailə üzvlərinin görüntülərini əks etdirən videokaset göndərilir.
Ailə yadigarlarını ona gətirən şəxs bu abrədə yazır:

“Zərf və videokaseti ona verdim (Görüntülər oğlu Namətin şərhi ilə Musazadələrin İsmayıllıdakı ata ocağında çəkilmişdi. Köhnə ev, Məcidin uşaq ikən əkdiyi qoz ağacı, qocalmış uşaqlıq dostları, sağ qalmış qohumları ona ötən və bir də qayıtmayacaq günlərini xatırladırdı). Məcid müəllim öncə zərfi açdı. Namətin anası Nazlı xanımın fotosu idi. Baxışları şəkildə donub-qaldı. Bunu dərhal duydum, vəziyyəti bir qədər yumşaltmağa çalışdım:

- Nazlı müəllimə çox dəyişib…
Kövrəldi, şəkli öpdü, gözləri doldu”.

Təəssüf ki, Məcid Musazadə Azərbaycanın müstəqilliyini görə bilmir. 1990-cı il iyulun 17-də Münhendə vəfat edir, 20 iyulda bu şəhərin Nordfriedhof ərazisində dəfn edilir.

Qaynaqlar:

1. “Azerbaycan” jurnalı. 275-ci say. 1990

2. “Azadlıq Radiosu”. “İz” proqramı. 1 Mart, 2011

3. M.Teymur “Üçrəngli bayrağımızın keçdiyi şərəfli yol”. “Xalq Cəbhəsi” qəzeti. 2021-ci say. 26.05.2010

4. Fərhad Sabiroğlu. “Məcid Musazadənin axırıncı aşırımı”. “Aydın yol” qəzeti


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər