Gürcüstanın Marneuli rayonunda mer seçkilərində azərbaycanlı Zaur Darğallının seçilməsi sevindirici haldır. Bu o deməkdir ki, azərbaycanlılar Gürcüstanda siyasətə daha yaxın olmağa, seçkilərdə tərəf kimi iştirak etməyə çalışırlar. İndiyə qədər azərbaycanlıların çoxluq təşkil etdiyi belə bölgələrin seçkilərində ya öz namizədləri ilə iştirak etmir, ya da zəif iştirak edirdilər. İndi ilk dəfə Marneuli kimi azərbaycanlıların kompakt yaşadığı şəhərdə mer seçkilərində azərbaycanlı qalib gəlir.
Bu fikirləri Teleqraf.com-a Gürcüstanın Marneuli şəhərində keçirilən mer seçkilərində azərbaycanlı namizəd Zaur Darğallının qalib gəlməsi və bunun azərbaycanlı soydaşlarımıza təsiri haqqında danışan politoloq Natiq Cəfərli deyib.
Natiq Cəfərli əlavə edib ki, Gürcüstanda bələdiyyələrin və merin öz səlahiyyətləri var: “Bu səlahiyyətlər və qanunlar çərçivəsində Marneuli şəhərində hansı işlərin görülməsi, orada yaşayan azərbaycanlıların həyat səviyyəsinin yüksəldilməsi, azərbaycanlıların Gürcüstanın ictimai-siyasi həyatına daha yaxından inteqrasiyası olunmasına çalışılacaq.
Bu durum Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı digər bölgələr üçün həm stimul, həm də uğur hekayəsi olacaq. Bu mənada Marneulidə mer seçkilərinin azərbaycanlı namizədin udması mühüm hadisədir. Başqa regionlarda da azərbaycanlılar siyasətlə maraqlanmağa başlayacaq”.
Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında müxtəlif dairələr tərəfindən süni problemlər yaradılmağa cəhd olunur. Belə həssas məsələlərdə hər iki tərəf diqqətli olmalıdır: “Çünki münasibətlərin gərginləşməsində maraqlı olan qüvvələr həddən artıq çoxdur. Marneulidə keçirilən seçkilərin nəticəsi heç bir halda Gürcüstan-Azərbaycan əlaqələrinin gərginləşməsinə səbəb olmayacaq.
Əksinə, Marneuli nümunəsində iki xalqın birgə dinc və rahat yaşamasının örnəyi yaranacaq. Azərbaycan tərəfi də burada dəstək işləri görə bilər.
Gürcüstanın ən böyük investorunun Azərbaycan olmasına baxmayaraq Marneulidə bizim fəaliyyətimiz zəifdir. Ümumiyyətlə azərbaycanlıların kompakt yaşadığı ərazilərə çox cüzi investisiya qoyulub. Yəni Azərbaycan Gürcüstanın o hissəsində iş yerlərinin yaradılması, iqtisadi artımın əldə edilməsi baxımından az iş görüb.
Məncə, Marneuli seçkilərindən sonra oraya investisiya yatırtmaq, soydaşlarımızın gürcü ictimai-siyasi həyatına daha əsaslı inteqrasiyasına nail olmaq mümkün olar”.
Xatırladaq ki, mayın 19-da Marneulidə mer seçkiləri keçirilib. Səsvermədə 78 faiz səslə Zaur Dargallı qalib gəlib.
Dargallı hakimiyyətdə olan Gürcü Arzusu Partiyasının namizədi olub. Onunla seçki yarına girən digər azərbaycanlı namizəd isə ikinci yerə çıxıb.