19 İyun 2019 22:55
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 19-da Yaponiyanın Azərbaycandakı səfirliyi İmperatorun taxta çıxması münasibətilə ziyafət təşkil edib.

Teleqraf.com xəbər verir ki, tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori bildirib ki, Əlahəzrət İmperator Akihito taxt-taxtdan imtina edib və mayın 1-də vəliəhd şahzadə Naruhito 126-cı imperator elan olunub. Onun taxta çıxması ilə dövrün adı Heiseyden Reivaya dəyişib və ölkədə yeni dövr başlayıb. Diplomat qeyd edib ki, Yaponiyadakı İmperator ailəsi dünyanın ən uzunömürlü irsi monarxiyası sayılır. O, İmperator Akihitonun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü də xatırladıb.

Azərbaycan ilə Yaponiya arasında əlaqələrdən danışan səfir ötən dövr ərzində ölkələrimizin münasibətlərinin davamlı şəkildə inkişaf etdiyini söyləyib. Yaponiyanın xarici işlər naziri Taro Kononun Azərbaycana səfərini xatırladan Teruyuki Katori səfər çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlərdə ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə dair səmərəli müzakirələrin aparıldığını deyib. Vurğulayıb ki, Yaponiya hökuməti Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır. Yaponiya ilə Azərbaycanın siyasi, iqtisadi, təhsil, mədəniyyət sahələrində, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı daha da dərinləşib.

Əlamətdar gün münasibətilə Azərbaycan hökuməti adından yapon xalqını təbrik edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, ölkəmiz Yaponiya ilə hər sahədə əməkdaşlıq imkanlarını öyrənməyə hazırdır. Ölkələrimiz arasında əməkdaşlığın yüksək sürətlə inkişaf etdiyini vurğulayan nazir 2010-cu ildə Tokioda imzalanan əməkdaşlıq müqaviləsini xatırladıb. O əlavə edib ki, Azərbaycan-Yaponiya əlaqələrində dinamika müşahidə edilir, ikitərəfli ticarət dövriyyəsi sürətlə artır. Ölkələrimiz arasında siyasi etimad mövcuddur. Yaponiya beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına öz töhfəsini verir.

Azərbaycanda həyata keçirdiyi layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirən M.Babayev ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini vurğulayıb. O, əminliklə bildirib ki, ikitərəfli münasibətlər gələcəkdə daha da möhkəmlənəcək. "Azərbaycan Yaponiya ilə iqtisadi, kənd təsərrüfatı və ətraf mühitin qorunması sahəsində əməkdaşlıqda maraqlıdır", - deyən nazir əlavə edib ki, Yaponiya Azərbaycana investisiya yatıran ölkələrindən biridir. Yaponiya ölkəmizdə elm, mədəniyyət və turizm sahələrinin inkişafına kömək göstərir.

Yaponiyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyinə toxunan nazir diqqətə çatdırıb ki, "Gündoğar ölkə" problemin sülh yolu həllində maraqlıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər