Şair Şəhriyar Del Geraninin “Kitab otağı” layihəsinin təqdimat mərasimi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, təqdimat iyunun 28-də saat 14:00-da baş tutacaq.
Tərcümə Mərkəzinin təşkilati dəstəyi ilə gerçəkləşdiriləcək layihənin əsas məqsədi insanlarda kitaba, ədəbiyyata marağın artırılması, bu sahədə geniş təbliğat kampaniyasının aparılmasıdır.
Layihənin təşəbbüskarları vaxtilə az qala hər evdə olan “kitab guşəsi” ənənəsini bərpa etmək, ədəbiyyatın xalqa çatdırılması, bədii zövqün formalaşdırılması, yüksək dəyərlərin təbliği istiqamətində mühüm işlər görmək niyyətindədirlər.
Layihə kitab mağazalarından perik düşmüş oxucunu artıq unudulmuş ünvanlara səsləməyəcək, “Kitab otağı” özü oxucunun yanına gedərək kitabı təbliğ edib, sevdirəcək. Beləliklə, əvvəllər mövcud olmuş “kitab guşələri” müasir və geniş “kitab otaqlarına” çevriləcək.
Layihəyə Şəhriyar Del Geraninin yeni şeirlər kitabı olan “Gecəniz şeirə” ilə start veriləcək. Daha sonra layihə çərçivəsində Azərbaycan və dünya ədəbiyyatının həm klassik, həm də çağdaş nümunələrini xalqa tanıdıb, sevdirmək üçün rayon mərkəzlərindən tutmuş ən ucqar kəndlərə qədər ölkənin bütün bölgələrinə səfərlər təşkil ediləcək, görüşlər keçiriləcək.