Hazırda Azərbaycanda 92 teleradio yayımçısı və operatoru fəaliyyət göstərir.
Bu barədə Teleqraf.com-a Milli Televiziya və Radio Şurasından məlumat verilib.
Bildirilib ki, dövlət büdcəsindən maliyyələşən AZTV, Mədəniyyət TV, İdman Azərbaycan, İTV, Respublika radiosu, İctimai Radio və ASAN Radionun efirində daha çox ictimai maraqlara xidmət edən yayımlar həyata keçirilir: "Xüsusilə son dövrlər bu yayımçıların proqram siyasətində müsbət dəyişikliklər, dinamika özünü qabarıq şəkildə göstərməkdədir. Belə ki, proqram səbətində yer alan, auditoriyanın müxtəlif seqmentlərini hədəfləyən yeni layihələr tamaşaçı və dinləyicilərin rəğbətini qazanmaqdadır. İctimai yayımçıların efirində müşahidə olunan son tendensiyalar cəmiyyətin maariflənməyə olan tələbatının ödənilməsində mühüm rol oynamaqla audiovizual sahə ilə bağlı ictimai gözləntilərə adekvat reaksiya hesab edilməlidir.
Özəl teleradio yayımçıları isə maarifləndirici və informasiya verilişləri ilə yanaşı, şou-əyləncəli proqramlar yayımlayır. Nəzərə almaq lazımdır ki, özəl yayımçı həm də sahibkarlıq subyektidir və təbii olaraq, auditoriya toplamaq, daha çox reklam cəlb etmək və bununla da maddi gəlir əldə etmək naminə rəqabət aparır. Reytinqli layihələr isə əsasən şou və əyləncə janrlı proqramlar hesab edilir. Nəticə olaraq isə, bugün özəl yayımçıların efirində şou və əyləncəli proqramlar çoxluq təşkil edir. Qeyd etmək lazımdır ki, bu tendensiya bütün dünya audiovizual media sistemi üçün xarakterikdir.
Azərbaycan tamaşaçısı və dinləyicisi üçün audiovizual medianın rəngarəng palitrası formalaşmışdır. Belə ki, ölkədə həm ciddi, maarifçilik yüklü verilişlər, həm xəbər-informasiya, həm də şou-əyləncəli proqramlar yayımlayan xeyli sayda teleradio yayımçısı fəaliyyət göstərir. Son illərdə fəaliyyətə başlamış ixtisaslaşmış xəbər kanalları olan Real TV, ARB 24 də tamaşaçılara seçim imkanları verilməsi baxımından mühüm rol oynayır. Bundan başqa, çoxsaylı kabel, İP TV və peyk operatorları vasitəsilə populyar xarici kanalların da ölkəmizdə keyfiyyətli retranslyasiyası həyata keçirilir. Bir sözlə, artıq seçim vətəndaşların öz əllərindədir.
Seçim imkanlarının genişliyinə baxmayaraq, ictimaiyyət tərəfindən ümumölkə kanallarında bəzi proqramların məzmun keyfiyyəti ilə bağlı narazılıqlar dilə gətirilir və bu kontekstdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) fəaliyyəti müzakirəyə çıxarılır, qurumdan daha sərt addımlar gözlənilir. Lakin nəzərə alınmalıdır ki, Azərbaycanda senzura 1998-ci ildən ləğv edilmişdir və MTRŞ yalnız mövcud teleradio yayımı haqqında qanunvericilik çərçivəsində tənzimləmə funksiyasına malikdir. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa görə, Şura yayımçıların peşə və yaradıcılıq fəaliyyətinə müdaxilə etmir və eyni zamanda, buna görə də məsuliyyət daşımır. Şura yalnız qanunvericilikdə əksini tapmış konkret məsələlərlə bağlı hüquqi addımlar atmaq səlahiyyətinə malikdir. Bu istiqamətdə MTRŞ mütəmadi olaraq müvafiq qərarlar qəbul edir, yayımçılara qarşı inzibati tənbeh tədbirləri, cərimələr müəyyənləşdirilməsi üçün məhkəmələrə müraciət edir. Eyni zamanda, ictimaiyyəti narahat edən bu məzmun keyfiyyəti problemini MTRŞ da bölüşür və narahatçılığını ifadə edir. Bu sahədə yayımçılarla mütəmadi görüşlər keçirilir, zəruri tövsiyyələr verilir".