25 Sentyabr 2019 15:45
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə İsraildəki Azərbaycan diasporunda çox gizli və müəmmalı hadisələr baş verir. Bu hadisələrin təşəbbüskarları və təşkilatçıları adlarını bilmədiyimiz və tanımadığımız Azərbaycan Diasporunun Təşkilat Komitəsidir.

Bunu Teleqraf.com-a açıqlamasında İsrailin Akko şəhərindəki Azərbaycan Dağ yəhudiləri icmasının və “Azərbaycan Evi”nin rəhbəri, Ümumisrail Dağ Yəhudiləri İcması sədrinin birinci müavini, STMEGİ Beynəlxalq Təşkilatının İsraildəki nümayəndəsi Nexamiya Şirin Mixaeli deyib.

O qeyd edib ki, bu günlərdə “Azərbaycan-İsrail” (Azİz) Beynəlxalq Assosiasiyası adından sosial şəbəkələrdə şəxsi adları qeyd olunmayan “Təşkilat Komitəsi” adından çox müəmmalı, lakin gizli dəvətnamə yayılıb:

“Bu dəvətnaməyə əsasən oktyabr ayının 2-də Bakı şəhərində qurultay keçirilməsi nəzərdə tutulub. Mən bu barədə məlumat almaq ücun Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdrinə müraciət etdim. Mənə cavab olaraq dedilər ki, gedin təşkilatın İsraildə heç bir legitimliyi olmayan baş direktoru Lev Spivaka müraciət edin”.

Nexamiya Şirin Mixaeli bu xəbərin qeyri-adiliyi, parodaksal və absurd durumun nədən ibarət olmasını belə izah edib:

“Yəqin bu qurultayın təşkilatçıları bilmirlər və xəbərləri yoxdur ki, vaxtilə İsraildə Knessetin (İsrail parlamenti) deputatı İosif Şaqalın rəhbərliyi və şəxsən mənim dəstəyimlə bu təşkilatın seçilmiş birinci vitse-prezidenti kimi 2007-ci ildə yaranan Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası hələ də İsrailin dövlət qurumları tərəfindən rəsmi qeydiyyatdan keçməyib. Bu qeydiyyat məsələsi məhz o vaxtlar təyin olunmuş Lev Spivakın bir nömrəli vəzifəsi idi. Fəqət bu günə kimi bu təşkilatın qeydiyyatı yoxdur. Bu təşkilat son səkkiz il ərzində demokratik seçki, qurultay keçirməyib və bu günədək assosiasiyanın prezidenti yoxdur. Bu təşkilatı qondarma şəkildə təmsil edən Lev Spivak və onun əlaltılarının fəaliyyətinin heç bir hüquqi gücü və legitimliyi yoxdur. Eyni zamanda bu onu göstərir ki, Azİz qurultay keçirməyənə qədər və bu təşkilatın İsraildə hüquqi icazəsi olmadan, hansısa başqa qurultay keçirilməsi qeyri-qanunidir və bu qurultayda qəbul olunan qərarların İsrail Dövlətində hüquqi gücü yox səviyyəsindədir.

Ortaya çox haqlı və müəmmalı sual çıxır ki, bəs bu günə qədər Lev Spivak hansı qeydiyyatdan keçmiş təşkilatın adından çıxış edir. Qeyd etməliyəm ki, bizim əlimizdə olan rəsmi qeydiyyat vərəqəsinə görə Lev Spivak 5 fevral 2015-ci ildə “Azərbaycandan çıxmışların mərkəzi” adlı təşkilatı qeydiyyatdan keçirib və 19 fevral 2017-ci ildə bu təşkilata Azİz sözünü əlavə edib”.

Nexamiya Şirin Mixaelinin sözlərinə görə, bu rəsmi sənəd faktiki olaraq onu göstərir ki, bu günə qədər Azİz – Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası adlı təşkilat rəsmən İsraildə yoxdur:

“Fəqət kağızda, Azərbaycan mətbuatında və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi qarşısında Lev Spivak bu adı nominal istifadə edir, faktiki isə az öncə qeyd etdiyim kimi təşkilatın adından ödəniş vəsiqələrinə imza atılır və "ikili mühasibat" şəklində fəaliyyət göstərir.

Bu gizli və müəmmalı dəvətnaməni yayan “Təşkilat Komitəsi” və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi bilməlidir ki, Azİz-Azərbaycan – İsrail Beynəlxalq Assosiasiyası adından təşkil olunacaq hər hansı tədbir və ya qurultayın və orada qəbul olunacaq sənədlərin və təyinatların İsrail Dövlətinin ərazisində heç bir legitimliyi və hüquqi əsası olmayacaq”.

Nexamiya Şirin Mixaeli onu da bildirib ki, bir qrup diaspor nümayəndəsi İsraildə Azərbaycan Diaspor Koordinasiya Şurasını yaradıb, şuranun sıralarında Azərbaycan kökənli olan və İsraildə ictimai, siyasi və biznes sahəsində müvəffəqiyyət qazanmış çox saylı fəal insanlar çalışır:

“Bizim təşkil etdiyimiz şuranın üzvləri və şəxsən mən Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri ilə aramsız danışıqlarda olmuşuq. Bu danışıqlarda dəfələrlə demişik ki, biz Lev Spivak və onun qrupunun əsasən 15-20 nəfər yaşlı, pensioner əhali arasında keçirdiyi mədəni-tematik və yeyib-içmək tədbirlərinin əleyhinə deyilik. Baxmayaraq ki, bu tədbirlər İsraildə geniş auditoriya üçün nəzərdə tutulmur və heç bir informasiya xarakteri daşımır.

Lakin Lev Spivakın diletant şəkildə ictimai-siyasi məsələlərə qarışması çox böyük yanlışdır. Lev Spivak bu illər ərzində dəfələrlə ermənipərəst Knesset deputatları ilə əlaqə saxlayıb və işbirliyi həyata keçirib. Lev Spivak bilmədiyi və bacarmadığı işin altına girməsinin, ictimai-siyasi məsələlərdə savadsızlığının bütün diaspora və Azərbaycana nə qədər ziyan gətirdiyini anlamır və anlamaq belə istəmir”.

Nexamiya Şirin Mixaelinin sözlərinə görə, ictimai-siyasi xarakterli olmalı olan “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası yeyib-içmək tədbirləri və ucuz “Azərbaycan naminə” konsertlər təşkil etməklə məşğuldur:

“Hesab edirlər ki, bununla Azərbaycanı İsraildə təbliğ etmək məqsədinə nail olurlar. Məmməd Əmin Rəsulzadəyə faşist deyən bir adam bu gün İsraildə Azərbaycan diaspor təşkilatının lideri xülyası ilə yaşayır. Kimdir bu adamlara və simasız manqurtlara dəstək verən? Bu adamlar üç aydan bir Diaspor Komitəsindən pul almasalar heç bir iş görməyəcək və addım atmayacaqlar”.

Qeyd: Məqalədə adları çəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər