17 Dekabr 2019 09:23
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabr ayını yarılamışıq, bu isə 15 gün sonra yeni ilin gəlişindən xəbər verir. Bütün dünyada böyük təntənə ilə qeyd olunan bu bayrama ölkəmizdə də hazırlıqlar başlayıb. Ayın əvvəlindən şəhərin mərkəzi küçə və prospektləri bayram münasibəti ilə bəzədilib, şam ağacları quraşdırılıb.

Hər il olduğu kimi bu il də paytaxtda yeni il yarmarkaları əhalinin istifadəsinə verilib. Maraqlıdır, sakinlər bayrama necə hazırlaşır?

Teleqraf.com bayrama hazırlıq üçün bazarlardakı qiymətləri araşdırıb.

Yarmarkada müşahidə etdiyimiz alıcı bolluğu diqqətimizdən yayınmadı. Qiymətlərlə maraqlanmazdan əvvəl alıcıların fikrini öyənmək istədik: “Keçən illə müqayisədə qiymətlərdə artım var. Xüsusilə oyuncaqların qiymətləri artıb”.

Satıcılar isə əksini idda edirlər: “Qiymətlər demək olar ki, eyni qalıb. Artım və azalma yoxdur. Bəzi mallarda artım var, bu da vergilərin qalxması ilə bağlıdır”.

Yarmarkada yolkaların qiymətləri 9 manatdan 230 manata qədər dəyişir. Satıcıların sözlərinə görə, fərqin əsas səbəbi məhsulların istehsal olunduğu ölkələrə görədir: “Rusiya istehsalı olan yolkalar Çin istehsalı ilə müqayisədə daha bahadır. Bu da onun keyfiyyətinə təsir göstərir. Müştərilər qiymətinə görə Çin istehsalı olan yolkalara üstünlük verirlər”.

Milad ağacını bəzəyən rəngli oyuncaqların qiymətləri 1 mantdan 10 manata qədər dəyişir. Qutu şəklində satılan oyuncaqlar isə 2-45 manat aralığında satılır. Eyni zamanda bəzək işıqları keyfiyyətinə və ölçüsünə görə 5-12 manat arasında satılır.

Uşaqla gələn müştərilər gələn ilin simvolu olan siçana böyük maraq göstərirdilər. Bu oyuncağın qiyməti ölçü və musiqili olmasına görə 3 manatdan 12 manata qədər dəyişir. Bayramın əvəzolunmaz simvolu olan Şaxta babanın qiyməti 15-45 manat, Qar qız isə 20-35 manat aralığındadır.

Şarlar 10 qəpik, zərlər isə 1 manatdan 3 manata qədər satılır.

Satıcıların sözlərinə görə, orta boyda yeni il ağacını qurmaq üçün bir ailə 100-150 manatından keçməlidir: “Təbii ki, bu rəqəm alıcının istəyindən asılıdır. Yolkaların ölçüsü və oyuncaq miqdarına görə qiymətlər dəyişir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər