“İqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“COP-29-un yüksək səviyyədə təşkili və əldə olunan nəticələrə görə hökumət üzvlərinə, xidməti olan hər kəsə təşəkkürümü bildirirəm. İslahatların uğurlu aparılmasını təmin edəcək güclü xarizmatik prezidentin, Birinci vitse-prezidentin, qəbul olunacaq qərarların uğurla həyata keçirilməsini təmin edəcək. Baş nazirin olmasını nəzərə alaraq və islahatlara inanaraq, iqtidar nümayəndələrinin fərqli fikrə hörmət və dözümlə yanaşacağı ümidi ilə bəzi məsələlərə münasibət bildirmək istəyirəm. Hər il olduğu kimi həmkarlarım hansısa işlərin görülməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün büdcədən əlavə vəsait ayrılmasını təklif edir.
Amma sual yaranır, hardan kəsib hara yönəldək? Bütün istiqamətlər üzrə xərcləri artırmağa ehtiyac var. Ona görə müzakirələr daha çox büdcə gəlirlərinin artırılmasına dair təkliflər verməkdən ibarət olmalıdır”.
Deputat bir neçə təkliflə çıxış edib: “Küçələrdə təmizlik işləri ilə məşğul olanlar 450 manat maaş alır, onlar hər dəfə mənimlə görüşdə bu məsələni hökumətin diqqətinə çatdırmağı xahiş edirlər. Vəziyyəti dəyişmək üçün bu sahəni təcili özəlləşdirməyi təklif edirəm. Akademiyada elmlər doktoru 764, fəlsəfə doktoru 647, elmi işçi 445, kiçik elmi işçi 415 manat maaş alır. Onların əməkhaqlarının artırılmasına ciddi ehtiyac var. Dövlət Statistika Komitəsinin yaydığı rəqəmlərə görə ötən il dünyasını dəyişən kişiərin 47.5%-i pensiya yaşına, 65 yaşa çatmayıb. Bu hamımızı düşündürməli və narahat etməlidir”.