Böyük Britaniyanın Kralı III Çarlzın həyat yoldaşı Kraliça Kamilla tənəffüs yolları infeksiyasından sonrakı fəsadlara görə Kral Süvari Qvardiyasının paradında iştirak etməyəcək.
Teleqraf.com bu barədə "The Standard"a istinadən xəbər verir.
Dekabrın 3-də Qətər əmiri Təmim bin Həməd ət-Taninin və onun birinci xanımı Cəvahir bint Həməd bin Suheymin Londona dövlət səfəri şərəfinə Kral Süvari Qvardiyasının paradı keçiriləcək. Təntənəli mərasimdən sonra kral ailəsinin üzvləri faytonla Bukingem sarayına gedəcəklər. Şahzadə Uilyam və Keyt Middltonun tədbirdə iştirak edəcəyi gözlənilir. Kraliça Kamilla ailəyə daha sonra qoşulacaq. O, son günlərdə tənəffüs yolları infeksiyası keçirdiyinə görə əmir və onun həyat yoldaşı ilə Bukingem sarayındakı nahar yeməyinə bir qədər gec qatılacaq.
Qeyd edək ki, noyabrın 5-də "Reuters" agentliyi Kraliça Kamillanın tənəffüs yolları infeksiyasına görə vəzifələrindən imtina etdiyini bildirmişdi. 77 yaşlı kraliçada infeksiya aşkar edən həkimlər ona istirahət tövsiyə etdikləri üçün onun iştirakı ilə planlaşdırılan bütün tədbirlər ləğv olunub.