Azərbaycanın ABŞ-dakı və İsrailin Azərbaycandakı səfirliklərinin ABŞ-da birgə tədbirlər proqramı keçirilib.
Proqram ABŞ-ın aparıcı yəhudi təşkilatı olan Amerika Yəhudi Komitəsinin (AYK) təşəbbüsü və dəstəyi ilə baş tutub. Azərbaycanın ABŞ-dakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, Vaşinqtonda və Filadelfiyada keçirilən tədbir və görüşlərdən sonra Azərbaycan səfiri Elin Süleymanov və İsrail səfiri Rafael Harpaz Nyu-Yorkda bir sıra tədbirlərdə iştirak ediblər. Səfər çərçivəsində AYK-ın rəhbər heyəti ilə birgə seminar keçirilib. Seminara sədrlik edən AYK-ın icraçı direktoru Devid Harris bu proqramın vacibliyini qeyd edib, eləcə də Azərbaycan və İsrail arasında mövcud əlaqələrin unikal hal olduğuna diqqət çəkib. Azərbaycanı ABŞ üçün olduqca önəmli və sadiq bir tərəfdaş kimi xarakterizə edən D.Haris bu əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
İsrail səfiri R.Harpaz Azərbaycanda “sıfır anti-semitizm”in olduğuna bir daha diqqət çəkib. Son zamanlar bir çox ölkələrdə, o cümlədən bəzi Avropa ölkələrində anti-semitizmin baş qaldırdığı bir vaxtda yəhudilərə qarşı Azərbaycandakı münasibətin nəinki bir sıra müsəlman ölkələri, hətta Avropa ölkələri üçün nümunə olduğunu qeyd edib. Azərbaycanda yəhudi əhalinin tarixindən bəhs edən R.Harpaz burada yəhudilərin əsrlərdən bəri sülh və əmin-amanlıq içində yaşadığını bildirib. O, Azərbaycanda yəhudilərə olan münasibətin, habelə dövlətin xüsusi qayğısının Azərbaycan rəhbərliyinin və şəxsən prezident İlham Əliyevin siyasi iradəsinin göstəricisi olduğunu qeyd edib.
R.Harpaz Azərbaycanla İsrail arasında tibb, su texnologiyaları, müdafiə və enerji sahələrində uğurlu əməkdaşlığın aparıldığını bildirib. Eyni zamanda, qeyri-enerji sektorunda, xüsusilə yüksək texnologiyalar sahəsində əməkdaşlığın daha da artırılması üçün imkanlar olduğunu vurğulayıb.
Səfir İsrailin hansısa ölkədə akkreditasiya olunmuş səfirinin birgə proqramlar çərçivəsində üçüncü ölkəyə səfər etməsinin unikal hal olduğunu bildirib, bunun İsrail dövlətinin Azərbaycana və onun nailiyyətlərinə xüsusi münasibətinin göstərici olduğunu vurğulayıb. İsrail dövləti belə bir proqramı bir müddət öncə yalnız Polşa ilə həyata keçirib. Seminar zamanı güclü, stabil və müstəqil siyasət yürüdən Azərbaycanın ABŞ, Avropa və İsrail üçün əhəmiyyəti vurğulanıb.
Səfir E.Süleymanov isə Azərbaycan-İsrail ikitərəfli münasibətləri, habelə Azərbaycanda yaşayan yəhudi icması barədə məlumat verib və bu münasibətləri yüksək dəyərləndirib. Azərbaycanda tarixi köklərə söykənən dözümlülük və qarşılıqlı anlaşmanın hazırda dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət nəticəsində davam etdiyini bildirib.
Bundan əlavə, səfir E.Süleymanov və səfir R.Harpazın Nyu-Yorkda keçirdiyi görüşlər çərçivəsində AYK-ın gənclər proqramı olan ACCESS nümayəndələri ilə işçi nahar olub. Görüşdə müxtəlif ölkələrdən olan yəhudi gənclər iştirak edib.
Səxavət