Hazırda tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də Azərbaycanda yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə sənədlərin emalı prosesi gedir.
Təhsil Nazirliyindən bildirilib ki, köçürülmənin nəticələri tələbələrin qeydiyyatdan keçdiyi nömrələrinə sms vasitəsilə göndəriləcək.
Qeyd olunub ki, bu il də Türkiyə, Gürcüstan, Ukrayna universitetlərindən köçürülmə üçün müraciətlər üstünlük təşkil edir.
Nazirliyin məlumatına görə, ixtisas dəyişimi isə yalnız tələbənin oxuduğu ixtisas qrupu daxilində olduğuna görə bunun statistikası aparılmır: "Müsbət cavab almayan müraciətlərin əsas səbəbi köçürülmə qaydaları tələbini ödəməməsidir".
Qeyd edək ki, fevralın 1-dən 7-dək transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 3083 tələbənin müraciəti qeydə alınıb. Ali təhsil müəssisələrindən köçürülmək yaxud ixtisasını dəyişdirmək üçün müraciət edənlərin sayı 2668 nəfər, orta ixtisas təhsil müəssisələrindən köçürülmək istəyənlərin sayı isə 415 nəfər təşkil edir./Report/