“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan bütün tibb işçilərinə aylıq maaşları verilib. Əməkhaqlarına əlavələrin tətbiqi isə vaxt tələb edir".
Teleqraf.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, İcbari tibbi sığorta səhiyyə sahəsində aparılan əhəmiyyətli islahatdır: "Azərbaycan səhiyyə sistemində ilk dəfədir səhiyyə işçilərinin əməyi xidməti fəaliyyətin iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilir.
Gələcəkdə səhiyyə işçilərinin əməyinin keyfiyyət göstəricisinə görə də qiymətləndirilməsi nəzərdə tutulur".
Agentlik rəsmisi bildirib ki, hazırda tibb müəssisələrinin mühasibatlıq və maliyyə şöbələri bonus və əlavələrin hesablanması üzərində çalışırlar: "Agentlik tibb müəssisələrinə bu istiqamətdə öz dəstəyini göstərir. Yaxın zamanda səhiyyə işçiləri əməkhaqlarına əlavələrini də alacaqlar".