1-5 oktyabrda Qəbələ rayonunda “Nifrət Nitqinə Yox Hərəkatı” Beynəlxalq Gənclər Forumu keçiriləcək.
Teleqraf.com-un məluçatına görə, forum Azərbaycanın Avropa Şurasında sədrliyi çərçivəsində Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurası, Avropa Şurasının Gənclər Departamenti tərəfindən həyata keçirilir.
Forumda Avropa Şurasının üzvü olan 47 ölkədən 250-yə yaxın nümayəndə iştirak edəcək. Açılış mərasimi oktyabrın 2-də Qəbələ rayonunda yerləşən Heydər Əliyev Konqres Mərkəzində olacaq. Açılış mərasimində Azərbaycan hökümətinin və Avropa Şurasının yüksək dərəcəli rəsmilərinin iştirak edəcəyi gözlənilir.
Forumun məqsədi “Nifrət Nitqinə Yox Hərəkatı” çərçivəsində milli və Avropa səviyyəsində fəal olan gənc insanları və digər iştirakçıları bir yerə toplayıb, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə töhvə verməkdir. Forumda nifrət nitqi və ayrıseçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri və müzakirələr aparılacaq. Müzakirələzr zamanı iştirakçıların fikirləri və təklifləri dinləniləcək.
Forumun gedişatını tədbirin rəsmi saytı www.nohateforum.az ünvanından və kampaniya haqqında məlumatı www.nohatespeechmovement.org ünvanından əldə etmək mümkündür.
Qeyd edək ki, “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası Avropa Şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır.
BƏXTİYAR