1 Aprel 2020 16:33
9 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası dünyanı cənginə almaqda davam edir. Amerikalı alimlərin tədqiqatlarına görə, vərəmə qarşı peyvənd (BCJ) aparılan ölkələrdə koronavirusa yoluxma və ölüm halları aşağı səviyyədədir. Alimlər iddia edirlər ki, bu peyvənd insanları koronavirusdan qoruyur. Maraqlıdır, deyilənlər doğrudurmu? Ölkəmizdə vəziyyət necədir?

Bu və digər məqamlarla bağlı ölkənin baş infeksionisti Cəlal İsayev Teleqraf.com-un suallarını cavablandırıb.

- Doktor, nəzərə alsaq ki, ölkəmizdə demək olar ki, hər kəs vərəmə qarşı peyvənd edilib. Sizcə iddialar doğrudurmu?

- Elə bir məlumat eşitməmişəm. Lakin bildirməliyəm ki, bu peyvənd vərəmə qarşı aparılırsa, o, yalnız vərəmdən qoruyur, başqa infeksiyaya qarşı qoruyuculuğu ola bilməz. Bu gün dünyada epidemiyanın coğrafiyası genişlənməkdə davam edir. Bizim keçmiş sovetlər məkananında anadan olan uşaqların hamısı vərəmə qarşı peyvənd olunub.

Nəzərə alsaq ki, koronavirusa yoluxan və ölən insanların çox güman ki, böyük qismi BSJ olunmuşdu. Necə olur ki, onlar xəstələnib öldülər? Bu, sadəcə irəli sürülən fikirdir, həqiqəti əks etdirmir.

- Operativ qərargah tez-tez məlumat yayır və hər ötən gün yoluxma sayları artır. Hazırda bizdə vəziyyət necədir?

- Bu günə qədər 359 nəfər yoluxub, onlardan 26 nəfər sağalaraq evə buraxılıb və 5 ölüm hadisəsi qeydə alınıb. Hazırda 328 aktiv koronavirus xəstəsi xüsusi karantin xəstəxanalarında həkim nəzarəti altındadır. Onlardan 7 nəfərin vəziyyəti ağırdır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Bunlar gözlənilən haldır. Koronavirus ölkəmizdə varsa, bu baş verəcəkdi. Hətta bundan çətin vəziyyətə də hazır olmalıyıq. Dövlət tərəfindən görülən tədbirlər, qoyulan qadağalara əməl etmək lazımdır. İnsanlara vacib olmadıqda evdən çıxmamaq qadağası qoyulsa da, təəəssüf ki, buna məhəl qoymayanlar hələ də var.

- Xəstələrimizin ümumi vəziyyəti necədir? Daha böyük rəqəmlərə özümüzü hazırlamalıyıq?

- Xəstəlik prosesi ağır getməyən xəstələrimiz çoxdur. Ağırlaşma olmadığı təqdirdə, sağalaraq evə buraxılacaqlar və çoxunun sağalacağı gözlənilir. Ağır gedişi olanlar xəstələrin 15-20 faizini təşkil edir. Onların 5 faizində xəstəlik çox ağır gedir. O insanlar arasında ölüm faktı qeydə alınır. Digərlərinin isə sağalma şansı yüksəkdir.

- Hansı yaş qrupları üzrə xəstələr üstünlük təşkil edir? Ən çox risk altında olanlar kimlərdir?

- Hazırda demək olar hər yaş qrupunda yoluxma halı qeydə alınıb. Lakin xəstələrin böyük qismi yaşlılardır. Onlar arasında 60 yaşdan yuxarı şəxslərin yoluxması çoxdur. Səbəbi isə immunitet sistemləri zəifdir və xəstəliyə yoluxma ehtimalları daha yüksəkdir.

Bu halda isə müqavimət aşağı olur və yoluxma ehtimalları artır. Şəxsin başqa xəstəliyi varsa, koronavirusla yanaşı gedərək, xəstənin vəziyyətini daha da ağırlaşdırır. Ürək-damar, qaraciyər, mərkəzi sinir sistemi, ağciyərində xəstəlik xroniki proses varsa, bu insanlarda xəstəlik ağır gedə bilər.

- Virusa inanmayan insanlara tövsiyəniz nədir?

- Onlar hesab edirlər ki, orqanizmləri qüvvətlidir, virusa qalib gələcəklər, proses ağır getməyəcək. Bu doğru deyil, ola bilər ki, onlarda xəstəlik yüngül keçəcək, heç hiss etməyəcəklər. Amma virus daşıyıcısı olaraq ailələrini, yaxınlarını yoluxdurmağa səbəb olacaqlar. Bundan çəkinmək lazımdır.

Xəstəliyə qarşı ən yaxşı mübarizə onun profilaktikasıdır. Təşvişə düşməyən ehtiyac yoxdur, səhlənkarlıq etməməliyik. Bizim, yaxınlarımızın sağlamlığından söhbət gedirsə, bu işə çox ciddi yanaşılıb, tövsiyələrə əməl olunmalıdır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər