Koronavirus səbəbilə dünyada maska və dezinfeksiyaedici məhsullara təlabat artıb. Buna görə də apteklərdə maska qıtlığı müşahidə olunur.
Teleqraf.com xəbər verir ki, məşhur dizayner, Azərbaycan Milli Geyimlər Mərkəzinin və Sosial İş Komissiyasının rəhbəri AQSİA (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Birliyi), Tərəqqi dövlət mükafatının sahibi Gülnarə Xəlilova tərəfindən xüsusi pambıq parçadan olan, unikal, davamlı maskalar hazırlanıb. Maskalar #evdəqalkampaniyası çərçivəsində və "Evdə qalın və yaradın" şüarı altında tikilib.
Gülnarə Xəlilova bildirib ki, hər bir yaradıcı insan koronavirusla mübarizəyə öz töhfəsini verə bilər:
"Xüsusi pambıq parçadan davamlı maskalar hazırlamaq qərarına gəldim. İstifadə etdikdən və düzgün yuyularaq dezinfeksiya edildikdən sonra bu maskaları təkrar istifadə edilə bilərsiniz. Maskalar keyfiyyətlərini və qoruyucu funksiyasını itirmir. Təxminən min maska istehsal etməyi planlaşdırırıq. Bu gün Xalq artisti Tünzalə Ağayeva ilə birlikdə " Sevimli" sosial kampaniyası çərçivəsində maskaların bir hissəsini ehtiyacı olan insanlara payladıq".
Məşhur modelyer insanları evdə qalmağa, hökumətin və ÜST-ün tövsiyələrinə riayət etməyə çağırıb.