9 Aprel 2020 11:12
2 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” adlı yeni rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Fransada yaşayır, dünya fotoqrafiyasının ən məşhur simalarından biridir. Rza Diqqətidən danışırıq.

Rza Diqqəti Fransada yaşayan fotoqraf və yazardır. Dünyada çoxunun fransalı və ya fransız kimi tanıdığı Rza doğma azərbaycanlıdır.

Rza Diqqəti 1952-ci ildə Güney Azərbaycanın Təbriz şəhərində doğulub. 1979-cu ildə radikal islamçıları hakimiyyətə gətirən çevrilişdən sonra İrandan ayrılan fotoqrafın çəkdiyi şəkillər bu gün də “National Geographic”, “GEO”, “Time” kimi dünyanın ən nüfuzlu nəşrlərinin örtüklərini bəzəyir. Rusiyalı fotojurnalist Sergey Maksimişinə görə, Diqqəti dövrümüz haqda ən yaxşı hesabat verən fotoqraflardan biridir.

Rza Diqqəti humanist bir fotoqrafdır. İnsan faciələrini və münaqişələrini, eləcə də insan dünyasının gözəlliyini işıqlandırır. Fotoqrafiya ilə yanaşı, xeyriyyə işləri ilə də məşğuldur. 2001-ci ildə uşaqların təhsili ilə məşğul olan “AINA” xeyriyyə fondunu qurub.

2014-cü ildə Qara Yanvar hadisələri, Dağlıq Qarabağdakı işğal müharibəsi və Xocalı soyqırımı ilə bağlı iki kitabın da müəllifidir. Petit Palaisdə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini ifşa edən sərgi açıb.

Rza Diqqətinin fotoqrafiya fəaliyyəti ilə bağlı “National Geographic” televiziyası tərəfindən sənədli filmlər çəkilib. Bunlardan biri 2002-ci ildə “Emmy” mükafatını qazanmış “Ön xətt gündəlikləri”dir.

Rza 2003-cü ildə Məkkədə “National Geographic”in ən çox baxılan sənədli filminin quruluşçu-rejissoru olaraq işlədi. Şübhəsiz ki, “National Geographic” Rzanın karyerasına geniş çərçivədən baxan, humanitar fəaliyyətini işıqlandıran obyektivdir.

Dünyaya qaçış

Rza karyerasın memarlıq təhsili ilə başlayıb, lakin o, gələcəkdə dünyanın ard-arda beynəlxalq mükafatlar qazanan ən məşhur fotoqraflarından biri oldu. İlk fotoşəklini 14 yaşında çəkir, iki il sonra oxuduğu məktəbin “Pərvaz” adlı jurnalını nəşr etməyə başlayır. Fotolarını gizli şəkildə Tehran Universitetinin divarlarında nümayiş etdirirdi. Mədəni fəallığına görə 22 yaşında həbs olunur, 3 il həbsdə qalan Rza 6 ay işgəncələrə məruz qalır. 1979-cu ildə fotojurnalist olmaq üçün memarlıqdan imtina edir, “Sipa Press”, “Newsweek” nəşrləri üçün İran inqilabını işıqlandırmağa başlayır. Nəhayət 1981-ci ildə beynəlxalq mediada yayımlanan fotoşəkillərinə görə ölkəni tərk etmək məcburiyyətində qalır. Parisə köçən Rza dörd il ərzində dünya mediasının (“Time Magazine”, “Stern”, “Newsweek”, “El Pais”, “Paris Match”, “Geo”, “National Geographic”) ən nüfuzlu nəşrlərində özünə əvəzedilməz bir yer edir.

Rzanın fotoları müharibənin yaratdığı xaos, xarabalıq və təbii fəlakətlər qarşısında aciz qalan insanlara həsr edilir. Habelə dünyanın fərqli mədəniyyətlərini, adət-ənənələrini, tarixini əks etdirir. 1991-ci il bu baxımdan, Rzanın “National Geographic” jurnalı ilə uzun bir əməkdaşlığının başlanğıc tarixidir.

Kimsəsiz uşaqların valideynlərini tapmaq

Rza 1983-cü ildən bəri müharibələrdən çıxan insanlara kömək məqsədilə təlimlər verən könüllüdür. 1990-cı ildə fotojurnalist kimi karyerasını dayandırdı, əhaliyə yardım proqramı çərçivəsində 9 ay BMT-nin Əfqanıstanda məsləhətçisi oldu. Amma “National Geographic” üçün könüllü çəkilişlərini də davam etdirir. 1996-cı ildə UNİCEF və BQXK Ruanda və Afrikanın digər ölkələrindəki qaçqın düşərgələrində valideynlərini itirmiş uşaqlara kömək proqramında iştirak etdi. Rza 1998-ci ildə Bakıda qaçqın uşaqlar üçün məktəb tikintisində iştirak etdi. 2001-ci ildə Əfqanıstanın Kabil şəhərində “AINA” xeyriyyə fondunu qurdu. Qurum müharibədə kimsəsiz qalmış uşaqların tərbiyəsi və maarifləndirilməsi yönündə fəaliyyət göstərir.

Rza sonakı illərdə də dünyanın dörd bir tərəfində yaşayan yoxsul və kimsəsiz gənclərə seminarlar keçməyə, yardım etməyə davam etdi. Vizual Akademiya adlı qurum təsis edərək, 11-20 yaş arasındakı gənclərə görüntü dilində təlimlər keçməyə başladı. Onun bu humanitar fəaliyyəti və fotojurnalistikası beynəlxalq təşkilatlar və universitetlər, o cümlədən Corc Vaşinqton Universiteti, Stanford Universiteti, Pekin Universiteti və Sarbon Universiteti tərəfindən tanınır.

Fotoqrafiyanın ustası

Vaxtının çoxunu müəllim, təlimçi və səyahətçi kimi keçirir, qlobal mövzularda təqdimatlar və seminarlar təşkil edir. Rzanın fotoşəkilləri dünyanın bütün ölkələrində sərgilənib. Fransanın Normand əyalətindəki Sülh Muzeyində otuz illik fotojurnalistik sərgüzəştlərindən ibarət bir sərgi (2009) təşkil edilib. 2006-cı ildə Paris və Vaşinqtonda təşkil etdiyi foto-sərgiləri milyonlarla insanı özünə cəlb edib.

“National Geographic” tərəfindən nəşr olunan “Fotoqrafiya Ustaları” adlı seriyanın birincisi olan “Müharibə və sülh” də daxil olmaqla, on yeddi kitabın müəllifidir.

Rza 1996-cı ildə Ruandada “İtirilmiş Uşaq Portretləri” adlı bir layihəyə verdiyi töhfəyə görə “Ümid” mükafatını qazandı. 2005-ci ildə dövrün prezidenti Jak Şirak tərəfindən Fransanın ən yüksək ordeni “Şərəf Legionu” medalına layiq görüldü. 2006-cı ildə İspaniya şahzadəsi Felipe ona “Asturias şahzadəsi” medalını hədiyyə etdi. Elə həmin il Missuri Universitetinin “Fəxri medal”ını aldı. 2008-ci ildə Çikaqo Universitetinin elmi işçisi oldu, bir il sonra isə Parisdəki Amerika Universitetindın Honoris Causa doktoru dərəcəsini aldı. 2009-cu ildə Nyu-Yorkda yerləşən Lusiya Fondunun və Beynəlxalq Fotoqrafiya Mərkəzinin mükafatlarına layiq görüldü.

Rzanın fotoşəkilləri dünyanın böyük şəhərlərində sərgilənir. O, fotolarının hamı üçün əlçatan olmasına çalışır.

Ermənilərin hədəfində

Məşhur fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə gəlib və bir neçə ay öz vətənində yaşayıb. Rza Diqqəti Azərbaycanda olduğu günlərdə Qanlı 20 Yanvar hadisələrini və Xocalı soyqırımı dəhşətlərini də öz fotoları ilə əbədiləşdirməyə vaxt tapıb. Şuşa, Zngilan, Cəbrayıl və digər şəhərlərdəki işğal mənzərələri də Rzanın obyektivinə tuş gəlib. Rza təkcə çəkməklə kifayətlənməyib, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bu fotoşəkillərdən ibarət sərgilərini də Avropada açıb. Bu fəaliyyətlərinə görə dəfələrlə ermənilərin hücumlarına məruz qalıb. Lakin bu hücumlar onu geri çəkilməyə məcbur edə bilməyib.

Rza müsahibələrdən birində o günlər haqda belə deyirdi: “Fotoları sərgidən yığışdıra bilməyən ermənilər bu dəfə sərgilərə hücum edib bunları cırmağa başladılar. Təşkilatçılar bundan sonra cırılmış şəkillərin dəyişdirilməsinin lazım olduğunu dedilər, mən isə cavab verdim ki, lazım deyil, necə varsa, elə də qalacaq. Qoy onların davranışlarını hamı görsün, hamı bilsin”.

Azərbaycan mənzərələri

Rzanın Qarabağda çəkdiyi fotolar əsasında Fransa mediasında sənədli filmlər və araşdırma yazıları nümayiş etdirilib. O, 2014-cü ildə 20 Yanvar və Xocalı hadisələri haqda “Alovun zərifliyi” və “Körpələri döymək” adlı kitabları yazıb. Kitablarında işğala məruz qalan Azərbaycanın mənzərəsini yaradıb, həm fotoları, həm də sözləri ilə…

“Günahsızların qırğını” kitabında isə Ermənistanın Azərbaycana qarşı törətdiyi qorxunc soyqırımın fotolarla birlikdə yazılı qeydləri yer alıb. Həmçinin Parisdə Petit Palaisdə ”Alovun zərifliyi” adlı sərgi təşkil edib. 2013-cü ildə Parisdə “Azərbaycan. Tolerantlıq məkanı” adlı sərgisi baş tutub. Sərgiyə çıxardığı fotolar Rusiya, İsrail və Avropanın müxtəlif ölkələrində, o cümlədən BMT-nin mənzil qərargahı və Avropa Parlamentində nümayiş olunub.


Müəllif: Mənsur Rəğbətoğlu