9 Aprel 2020 11:58
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronovirus pandemiyasının dünya neft bazarında yaratdığı dalğalanmanın milli iqtisadiyyata mənfi təsirlərindən danışmamaq mümkün deyil.

Teleqraf.com xəbər verir ki, bu sözləri parlamentdə hesabatı zamanı Baş nazir Əli Əsədov deyib.

Baş nazir qeyd edib ki, koronavirusun Azərbaycanda yaradacağı problemlərin qarşısını almaq üçün Prezident İlham Əliyev tərəfindən fevralın 27-də sərəncam verilib və Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb.

Baş nazir əlavə edib ki, Nazirlər Kabineti koronavirus xəstəliyinin qarşısını almaq üçün proqram müəyyən edib və hazırda müvafiq addımlar atılır: “Epidemiyadan qorunmaq üçün kifayət qədər tibbi ləvazimatlar var, eyni zamanda onların yerli istehsalını təşkil etmək üçün işlər aparılır”.

Əli Əsədov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah martın 14-də ölkə ərazisində görüləcək sosial izolyasiya tədbirləri haqqında məlumat verib:

"Aprelin 5-dən 20-nə qədər isə hərəkət məhdudiyyəti müəyyən olunub. Bu tədbirlərin tətbiqi qaçılmazdır.

Hökumət dünyada koronavirusla mübarizə proseslərini izləyir. Koronavirusun müəyyən mənfi təsirlər yaradacağı istisna edilmir. Amma bunun qarşısını almaq üçün hökumət çevik alətlədən istifadə edəcək.

Koronavirus xəstəliyinin ziyanını aradan qaldırmaq üçün Azərbaycan dövləti 1 milyard manat vəsait ayırıb. Bununla əlaqədar 4 işçi qrupu yaradılıb və vahid tədbirlər proqramı qəbul edilib.

Azərbaycan dövləti tərəfindən görülən tədbirlər xalqın sağlamlığı və dövlət təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Bu ağır sınaqdan az itkilərlə çıxmalı və xalqı qorumalıyıq".


Müəllif: Cavad

Oxşar xəbərlər