Hazırda xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar əhalidə təhlükənin sovuşduğu əhval-ruhiyyəsi yaranıb ki, bu da yaxşı nəticə vəd etmir. Müşahidələr göstərir ki, aprelin 27-dən ötən dövr ərzində vətəndaşlarımızın bir qismində elə bir fikir formalaşıb ki, sanki artıq hər şey qaydasına düşüb. Bunu gündəlik hər hansı səbəb olmadan küçəyə çıxan insanların sayından, ictimai nəqliyyatda olan sıxlıqdan da görmək mümkündür. Vətəndaşlarımız anlamalıdılar ki, karantin rejiminin yumşaldılması, hətta tamamilə ləğvi virusun yox olmasına anlamına gəlmir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
O, hesab edir ki, indi hər kəsdən daha çox məsuliyyət tələb olunur: "Ötən müddət ərzində ölkə ərazisində virusun geniş yayılmasının qarşısını məhz dövlət-vətəndaş həmrəyliyinin nəticəsində almaq mümkün olmuşdu. Bu baxımdan, hər bir şəxs sosial məsuliyyətini dərk edərək, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmalı, Nazirlə Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməlidir.
Əks halda virusun ölkəmizdə geniş şəkildə yayılması qarşısıalınmaz olacaq. Bu isə karantin rejiminin daha da sərtləşdirilməsini tələb edəcək".
Yusif Bağırzadə qeyd edib ki, dövlətin karantin rejimi üçün qarşısına qoyduğu əsas hədəf vətəndaşlarımızın sağlamlığının qorunmasıdır: "Prezident İlham Əliyev xüsusən qeyd etdi ki, Azərbaycan üçün vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması iqtisadi aktivliyin davam etdirilməsindən daha üstündür. Ölkə başçısının göstərişi və rəhbərliyi ilə məhz vətəndaşlarımızın qorunub saxlanılması istiqamətində tədbirlər gücləndirildi və nəticə olaraq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan pandemiyanın təsirlərinin minimallaşdırılması istiqamətində ən effektli mübarizə aparan ölkələrdən biri elan edildi".
Yusif Bağırzadənin sözlərinə görə, karantin tədbirləri görməyən və kollektiv immunitet nəzəriyyəsini əsas götürən ölkələrin aqibəti göz önündədir: "Pandemiya ilə mübarizəyə təqribən 412 milyard dollar ayıran və kifayət qədər güclü səhiyyəyə sahib olan Böyük Britaniyada dövlətin apardığı səhv siyasətin nəticəsində təkcə dünən 4 419 vətəndaşını koronavirusa qurban verdi. Onu da qeyd edim ki, bu, indiyədək heç bir dövlətin bir gündə vermədiyi itki deməkdir.
Bütün bunları göz önünə gətirərək vətəndaşlarımız bilməlidir ki, özünütəcridi davam etdirməmək, gündəlik gigiyenik qaydalara əməl etməmək, qoruyucu maskalar olmadan evi tərk eləmək, istər küçədə, istərsə də nəqliyyatda sosial məsafə saxlamamaq virusa yoluxmada artıma və prosesin ikinci dalğasının başlanmasına səbəb ola bilər.
COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Bilməliyik ki, istənilən məsuliyyətsiz davranış çox böyük faciələrə səbəb ola bilər".