Mayın 22-də Türkiyənin İstanbul şəhərində kompakt şəkildə məskunlaşmış və müvəqqəti çətinliklərlə üzləşmiş aztəminatlı ailələrə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə yardım göstərilib. Məqsəd yeni növ koronavirus pandemiyasının soydaşlarımıza mənfi təsirlərinin azaldılması, onların sosial müdafiəsinin yaxşılaşdırılması, eləcə də müqəddəs Ramazan bayramı münasibətilə həmvətənlərimizi təbrik etməkdən ibarət olub.
Teleqraf.com xəbər verir ki, Dövlət Komitəsinin təşəbbüsü ilə hazırlanmış ünvanlı siyahı əsasında və İstanbulda fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə şəhərin Qaziosmanpaşa, Bayrampaşa, Küçükçəkməcə rayonunun Halkalı məhəlləsində məskunlaşmış 350-ə yaxın ailəyə (ümumi sayı 1000 nəfərdən çox) alış-veriş kartları təqdim olunub. Kartlara hər ailənin tərkibinə uyğun məbləğ yüklənib. Bu kartlar vasitəsilə soydaşlarımız şəhərdəki “Metro” mağazalar şəbəkəsindən alış-veriş edə biləcəklər.
Dövlət Komitəsinin bu formada dəstəyi soydaşlarımız tərəfindən təqdir olunub. Onlar yüksək səviyyəli diaspor siyasəti yürüdən, xaricdə yaşayan soydaşlarımızın diqqət və qayğısına qalan Azərbaycan dövlətinə və rəhbərliyinə, bu siyasəti dəqiqliyi ilə yerinə yetirən Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 1990-cı ilərdə Türkiyəyə köçmüş və hazırda İstanbul şəhərinin bir neçə rayonunda kompakt və qeyri-rəsmi şəkildə məskunlaşmış azərbaycanlıların problemləri dövlətimizin diqqət mərkəzindədir və bu çətinliklərin həlli istiqamətində addımlar atılır. Bu il martın 16-da Prezident İlham Əliyevin tapşırığına əsasən, Diasporla İş Üzrə Dövlət Komitəsinin də daxil olduğu işçi qrup tərəfindən aparılan işin nəticəsi olaraq 18 nəfərə Türkiyə Respublikasının müvəqqəti şəxsiyyət vəsiqələri verilib.