Stokholm şəhəri Östermalm şəhər bələdiyyəsinin sosial təminatı şöbəsinin rəisi, 30 ildir fəal diaspor üzvü Leyla Kiani Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Dünyanı cənginə alan yeni növ koronavirus pandemiyasına qarşı tədbirlər görən dünya ölkələrindən fərqli olaraq İsveç karantin elan etmədi. İsveçin özünütəcrid rejimi seçməməsi nə ilə əlaqədardır? İnsanların hökumətin qərarına münasibəti necədir?
- Doğrudur. Dünyanın bütün ölkələrindən fərqli olaraq İsveç karantin rejimi elan etmədi və səbəb olaraq kollektiv immunitet yaratmaq strategiyası göstərildi. Ölkənin baş epidemioloqu Anders Tignel bir neçə gün bundan öncə əminliklə bildirdi ki, insanların bu virusa yoluxması koronaya qarşı güclü immunitet yaradır. Eynilə qrip, SARS və digər viruslarda yaranan imunitet kimi bu müsbət göstəricidir və bütün əks-mülahizələri, hipotezləri rədd edir.
- Hələ pandemiyanın ilk günlərində İsveç modeli - kollektiv immunitet yaratmaq strategiyası ətrafında müzakirələr aparılırdı. İsveçin seçdiyi strategiya gözlənilən nəticəni verdimi?
- Ümumdünya statistikasına nəzər salsaq, İsveçin durumu əhalinin sayına görə pandemiyadan əziyyət çəkən bir çox ölkələrdən o qədər də pis deyil. İsveçdə bu məsələyə daha fərqli yanaşırlar. Nəticə istənilən kimi olmasa da, verilən məlumata əsasən qənaətbəxşdir.
- Qoruyucu maskalardan istifadə ilə bağlı da ciddi qaydalar tətbiq edilmədi. Hökumətin xalqa təlimatları nədən ibarətdir? Nə kimi qadağalar vardı?
- Qoruyucu maskaların istifadəsi məcburi deyil. Maskalar yalnız xəstə olanlara tövsiyə olunub. Çünki onlar virus daşıyıcısı olduqları üçün bu virusun qarşısının alınması üçün ilkin vasitədir. Ümumilikdə isə hər kəsə tövsiyə olunur ki, ən kiçik simptom hiss edən şəxs mütləq azı 2 həftə özünü təcrid etməli və evdə qalmalıdır.
İsveçlilər bu qaydalara heç bir çətinlik çəkmədən riayət edirlər. Bundan əlavə sosial məsafə gözlənilir, ictimai nəqliyyat vasitələrinin sayı çoxaldılıb ki, sıxlıq yaranmasın, iş yerlərində işçilərin çoxu imkan daxilində evdən işləyir, bu isə virusun geniş miqyasda yayılmasının qarşısını alır.
Gigiyenik qaydalara hər zaman riayət olunur, iş yerləri spirt, qoruyucu maskalarla pulsuz təmin olunur.
Ümumiyyətlə, isveçlilər pandemiyadan əvvəl də hər zaman sosial məsafəni gözləyən və gigiyenik qaydalara riayət edən millət olub. Bu səbəbdən verilən tövsiyələrə əməl etmək o qədər də çətin olmur.
- Yaşadığınız şəhərdəki ümumi müşahidələrinizi bölüşmənizi xahiş edirik. Həyat COVID-19 pandemiyası dövründə də öz axarı ilə davam etdi, yoxsa əhali arasında narahatlıq yaşanır?
- Mən Stokholmda yaşayıram və həyat öz axarı ilə davam edir, lakin təbii ki, pandemiyanın ciddiyyəti də hiss olunur. Küçələrdə insanların sayı azalıb, böyük dükanlar, qaleriyalar məhdud saatlarda çalışır, alış-veriş mərkəzlərində sosial məsafə gözlənilir, poliklinikalarda həkimlərlə məsləhətləşmələr skayp vasitəsilə həyata keçirilir.
Gimnaziya tələbələri 3 aya yaxın onlayn çalışıblar. Lakin bağçalar və ibtidai siniflərin dərslərində ləngimə olmadı, çünki valideynlərin çoxu işləyirlər.
Ölüm halları ən çox Stokholmda müşahidə olunsa da onların böyük hissəsi yaşı 70-dən yuxarı olan və digər xəstəliklərdən əziyyət çəkən insanlardır. Məhz ciddi xəstəlikləri olanların immun sistemi zəif olduğuna görə onların COVID-19 infeksiyasından xilas olması son dərəcədə çətindir. Lakin mümkünsüz də deyil. Belə ki, mətbuatın verdiyi məlumata görə, xəstələr arasında hətta yaşı 85-90 yaşında olanlar da sağalıb evlərinə qayıdıblar.
- Paytaxt Stokholmda yaşayan 22 yaşlı həmvətənimiz COVID-19-dan vəfat etdi. Hazırda azərbaycanlıların durumu necədir?
- Başqa isveçlilər kimi azərbaycanlılar da ümumi qaydalara riayət edir, nə özlərinin, nə də digərlərinin həyatını riskə atırlar. Bu məsələdə həmyerlilərimizlə fəxr edə bilərik.
- Təəssüf ki, hələ də bu virusa qeyri-ciddi yanaşanlar var. Virus yayılan ilk vaxtlarda hamı ətrafda, tanışlar arasında virusa yoluxan şəxs axtarırdı. İndi bu rəqəmlər artıb, nəinki yoluxanlar, hətta dünyasını dəyişənlər də var. Bildiyim qədərilə, bacınız da virusa yoluxub. Vəziyyəti necədir, harada müalicə olunur?
- Virusa inanmayıb onu mif kimi görənlər əsasən Azərbaycanda yaşayan həmyerlilərimizdir. Bunu sosial şəbəkələr vasitəsilə görmək olur. Lakin İsveçdə belə bir fikrə, düşüncəyə rast gəlməmişəm. Əksinə, hamı bir-birinə dəstək olur, maarifləndirir və hökumətin qoyduğu bütün qaydalara riayət edirlər. Pandemiyadan zərərçəkənlər sırasında bir neçə tanıdığım şəxs var.
Zərərçəkənlərdən biri də elə özüm oldum, lakin mən infeksiyanın yüngül formasını keçirdim. Hazırda Malmö şəhərində yaşayan bacım bu xəstəliyə düçar olub və ağır keçirdiyinə görə xəstəxanaya yerləşdirilib. Biz İsveçin tibb sisteminə inanırıq və ümid edirəm ki, o da bu xəstəliyin pəncəsindən qurtara biləcək.
Artıq qızdırması düşüb və süni nəfəs aparatından istifadə etmir. Bu isə o deməkdir ki, hər şey yaxşılığa doğru gedir. Hər kəsə tövsiyəm odur ki, xəstəliyi ciddiyə alıb verilən bütün təlimatlara riayət etsinlər. Sağlam olun və sağlam cəmiyyət yetişdirin.