10 İyun 2020 19:41
1 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada Corc Floyd adlı şəxsin polisin dizi ilə boğazını sıxması nəticəsində ölümündən sonra super gücdə daxili qarşıdurma yaranıb. Bir müddətdir davam edən ixtişaşlar nəticəsində polis binası yandırılıb, on minlərlə insan küçəyə axışıb.

Amerikada yerli xalqa qarşı ötən əsrdə də aparılan ayrı-seçkilik sonrakı dövrlərdə aradan qalxmış, Barak Obamanın timsalında irqçiliyin artıq yox olduğu düşünülmüşdü. Bu gün Amerikada irqçilik var demək nə qədər yanlış olsa da, qitənin ilk sakinləri ilə münasibətlərin tamamilə hamar olduğunu da söyləmək mümkün deyil.

Ötən əsrin ilk 50 ilində isə Amerika qitəsində irqçilik hökm sürür, qaraların linç edilməsi xəbərləri dünyaya yayılırdı.

Bu xəbərlərə reaksiya verən şəxslərdən biri də azərbaycanlı ictimai-siyasi xadim, eləcə də Türkiyənin tanınmış fikir adamı Əhməd bəy Ağaoğlu olub.

Əhməd bəy 1935-ci ildə Nyu Yorkda linç edilən qaraların bir fərdinin ölümü üzərinə Amerika, İngiltərə və Almaniyada hökm sürən irqçilik məsələsinə toxunub, bunun səbəbləri ilə bağlı fikirlərini irəli sürüb və öz xatirələrindən də nümunə qeyd edib.

Liberal dünyagörüşə malik olan Ə.Ağaoğlunun o illərdə sərgilədiyi mövqe bu günümüz üçün də keçərlidir və irqçiliyin bir daha bəşəriyyətə bəla olmaması üçün bu kimi yazıların təkrar-təkrar oxunması vacibdir.
1935-ci ildə Türkiyənin “Cümhuriyyət” qəzetində dərc edilən “Linç” adlı məqaləni dilimizə uyğunlaşdırıb təqdim edirik:

***

Linç!

Sülh və qardaşlıq üçün ən çox səsini yüksəldən Amerikada bir tərəfdən də zəncilər linç edilir. Hansısa inanaq?

Teleqraf yenə bir zəncinin Nyu Yorkda linç edilməsi xəbərini verdi. Birləşmiş Amerika nə əcaib bir ölkədir! Tamamilə sürprizlər, təzadlar məmləkətidir. İnsansevər cəmiyyətlərin ən aliləri və ən böyükləri orada qurulur. Elm və fənn üçün ən böyük fədakarlıqlar orada edilir. Hər il minlərlə amerikalı qadın və kişi başqa məmləkətlərə guya bilgi və doğruluq yaymaq üçün gedirlər. Onların əcnəbi ölkələrdə yaşamaları üçün saysız məsrəflər edilir.

Fəqət eyni zamanda da öz içində - Nyu York kimi elm, fənn və texnikanın ən möhtəşəm bir tətbiq yeri olan bir şəhərdə yüzlərlə mərtəbə evlərin arasında asfalt küçələrin üzərində zavallı bir zənci xalq tərəfindən yamyamların belə edə bilməyəcəyi bir vəhşətlə öldürülür, parçalanır və kimsə bundan mütəəssir olmur. Canavarlıqla edilən bu vəhşət zaman-zaman təkrarlanır, bir şəhərdən digərinə sıçrayır, bütün Amerikanı dolaşır.

Bu zavallı zəncinin günahı nədir?

Bütün günahı zənci olmaq, yəni rəngi qara, saçları qıvrım, dodaqları qalın, gözləri iri olmaqdır.

Bu, bir qüsur, bir qəbahətdirmi? Qüsur və qəbahət belə olsa, zavallı zəncininmidir?

Fəqət şüursuz yığın bu sualları özündən soruşacaq haldadırmı? O, min bir başlı canavardır ki, gözünə qara rəngli, qıvrım saçlı birisi sataşan kimi, o an üzərinə cumar və nə etdiyinin fərqində olmadan parça-parça etmədikcə rahatlıq tapmaz.

Fəqət qəbahət və qüsur bu yığındadırmı?

İyrənc hesab etməklə bərabər qəbahət və qüsuru biz onda da görmürük.

Bütün günah, bütün qüsur bu yığını tərbiyə edənlərdə bunların ağıl və qəlblərini bəzi yanlış düşüncələr, tərs fikirlər və vəhşi hisslərlə dolduranlardadır.

Anqlo-Saks tərbiyəsinin ən qalın cizgisi irqlər haqqında verilən düşüncələrdir. Bu tərbiyəyə görə insanlar iki qismə ayrılır: Ali yaradılışlılar və aşağı təbəqəlilər. Birincilər ağ rəngli, sarı saçlı və mavi gözlü olanlardır. İkinci təbəqə isə qara və ya sarı rəngli, iri, yaxud qıyıq gözlü, qara saçlı insanlar! Fəqət istər birincilər, istər ikincilər arasında da fərqlər vardır. Bəyaz irqə mənsubların ən irəlidə olanları, əlbəttə ki, anqlo-saksların özləridirlər. Onlar təbiətin örnək yaratdığı insanlardırlar. Bütün digərlərinin fövqündədirlər. Ağalıq etmək, hökm sürmək, dünyaya öndər olmaq onların haqlarıdır. Onlardan sonra başqa bəyazlar gəlir, fəqət bərabər olmamaq şərtilə!...
Maltada iki il gördük. Bir ingilis bir maltalı ilə birlikdə yemək yeməyi özünə sığışdırmaz, eyni hamama, eyni kluba getməzdi. Pernot Hindistanda ikən keçmiş universitet yoldaşı olan bir hindlinin ingilis klubuna bir neçə dəqiqəlik girməsinə izn almağın nə qədər müşkül olduğunu uzun-uzun danışırdı.
Düşünün, maltalı və hindli eyni bəyaz irqdəndirlər.

Qaralara və sarılara gəlincə, anqlo-sakslara görə onlar insanla heyvan arasında bir cür məxluqdurlar. Hətta bəzi heyvanlar, məsələn köpəklər və atlar onlardan daha üstündürlər!! Bir amerikalı bir köpəyi oxşayar, atı sevər, fəqət bir zəncidən iyrənər, diksinər, ona yanaşmaz.

Məhz bu kimi fikirlər və hisslərlə doldurulan qafalar və qəlblərdir ki, Amerikada yığınları linçə və Almaniyada da nasistləri yəhudiləri təqibə sövq edir.

Ötənlərdə Almaniyada qəribə bir hadisə olub. Alman nasist rəislərindən biri xəstələnir. Ona iynə ilə qan vurmaq lazım gəlir. Sonradan qanı verən adamın yəhudi olduğu anlaşılır. Böyük bir təlaş: Nasist rəislərindən biri damarlarında yəhudi qanı daşıyır!! Nə etməli? Bir çox qeylü-qallardan sonra iş Hitlerə qədər gedir. Fəqət bu əsnada anlaşılır ki, qanını verən yəhudinin əcdadından biri vaxtilə Almaniyaya mühüm bir xidmət edib. Belə bir cəddən gələn birinin qanına yəhudi olmasına rəğmən dözmək olarmış! Yaxşı ki, bu cəddi tapdılar, yaxud tapmaq istədilər. Lakin tapılmasa idi, nə olacaqdı? Böyük və həlli müşkül bir məsələ! Hal belə ikən Hitler tərəfindən bundan sonra bu kimi hadisələrdə çox ehtiyatlı və diqqətli hərəkət edilməsi tənbeh olunmuşdur.

Almaniyada ziyalı bir zümrə belə hərəkət edərkən Nyu Yorkda da şüursuz yığının bir zəncini görər-görməz üstünə cumması və parçalaması çox normaldır.

Bir tərəfdən xalq belə tərbiyə edilərkən, digər tərəfdən də insanlar arasında sülh və qardaşlıq üçün ən çox bağırtılar yenə eyni çevrələrdən yüksəlir!

Bunun hansına inanaq?

Hələ Amerikada Amerikanın əsl sahibləri olan zəncilərə qarşı rəva görülən vəhşi çıxışlar, həqiqətən, nifrət yaradan hadisələrdir. Gərçi, amerikalılar bu vasitələrlə o yerli xalqı demək olar ki, məhv ediblər. Fəqət müasir vicdan artıq bu kimi vəhşətlərə yol verməməlidir. Heyrət ediləcək şey Amerika hökumətinin bu cinayətlərə qarşı laqeyd olmasıdır. Əcəba, Beynəlxalq Təşkilat bunu görmürmü? Niyə səsini çıxarmır?

“Cümhuriyyət” qəzeti
3 İyul, 1935
3998-ci say.
Hazırladı: Dilqəm ƏHMƏD


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər