2020-ci ilin son günləridir. Ötən illərlə müqayisədə 2020-ci il hadisələrlə dolub-daşdı. Vidalaşmağa tələsdiyimiz ili Qarabağ zəfəri bizə sevdirməyə nail oldu. Maraqlıdır, insanların 2020-ci ili necə qiymətləndirir? Gələn ildən gözləntiləri nələrdir?
Teleqraf.com mövzu ilə bağlı ədiblərimiz arasında soğru keçirib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, yola saldığımız ilə pandemiya ilə başlayıb, insanları evə qapadsa da, ilin payızı çox uğurlu gəlib: “İnsanlar dərin depressiya, stress yaşadılar... Amma bizim xəyallarımız gerçəkləşdi, inanılmaz hadisələr baş verdi. 30 ilə yaxın işğalda olan torpaqlarımız düşmən tapdağından azad olundu. 2020-ci il Zəfər ilinə çevrildi.
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bütün qazilərimizə tezliklə sağalmalarını arzu edirəm. Bunu gözləməzdik. Əlbəttə, hər il dəyişəndə arzularımızın, dualarımızın arasında torpaqlarımızın işğaldan azad edilməsi arzusu olurdu. Amma bunun məhz 2020-də, insanların evə qapandığı pandemiya dövründə baş verəcəyi ağlagəlməzdir. Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandanın qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad edildi”.
Qarşılayacağımız il barədə danışan Rəşad Məcid bildirib ki, gələn il ölkəmiz üçün quruculuq ili olmalıdır: “O torpaqları ki, vəhşi, barbar, vandal qonşularımız dağıdıblar, şəhərlərimizi, kəndlərimizi viran qoyublar, evlərimizi tarimar edib, infrastrukturu darmadağın ediblər. Elliklə quruculuq işlərinin həyata keçirilməsinə hamımız töhvə verməliyik.
Ağdamda böyük şəhər salmalıyıq. 300 min əhalisi olanda Füzulini, Cəbrayılı, Kəlbəcəri, Laçını, viran qalmış kənd-şəhərlərimizi bərpa etməliyik. Eyni zamanda, Şuşanı, Prezidentin sözləri ilə desək, Qafqazın incisi, mədəniyyətimizin beşiyi olan şəhəri dünyanın ən gözəl, ən möcüzəli şəhərlərinə çevirməliyik. İşimiz çoxdur, millət kimi böyük ruh yüksəkliyi ilə 2021-ci ilə keçirik. Arzu edirəm ki, bu ruh yüksəkliyi, bu zəfər ovqatı 2021-ci ildə də davam etsin. Azərbaycan xalqı özünü həmişə qürurlu, ləyaqətli bir xalq kimi hiss etsin”.
Yazıçı Şərif Ağayar bu ilin onun üçün Fransada romanımın çap olunması ilə yadda qaldığını deyib: “İl insanlar üçün şübhəsiz ki, pandemiya və Qarabağla yadda qaldı. Lakin Fransada romanımın çap olunması da mənim üçün uğur oldu. Yeni ilin ilk günü 45 yaşım tamam olur. Özümə sağlamlıq, Azərbaycana isə əmin-amanlıq, virusdan və düşməndən güclü müdafiə, həmişə zəfər, demokratiya və sosial ədalət arzu edirəm”.
Şair Aqşin Yenisey hesab edir ki, hələ uzun illər Azərbaycanda 2020-ci il qeyd olunacaq: “Çünki Azərbaycanın hərbi-siyasi gücü mümkünsüz kimi görünəni mümkün etdi. Ölkənin az qala yarısı işğaldan azad olundu, üstümüzə əlisilahlı gələn "Böyük Ermənistan" ideyası iki yüz ildən sonra ilk dəfə öz kiçikliyi ilə barışmağa məcbur edildi.
Müstəqillik aktının qəbulundan sonra yaxın Azərbaycan tarixində belə bir il olmamışdı desəm, yəqin yalnışlığa yol vermiş olmaram. Məncə, 2021-ci il hərbi-siyasi 2020-ci ilin humanitar davamı olacaq. Qarşıda gərgin, amma coşqulu bir il bizi gözləyir. Türk istiqanlılığı ilə yanaşı, yəhudi soyuqqanlılığına da ehtiyacımız olacaq”.
Şair Qismət Rüstəmovun fikrincə, 2020-ci il həm lokal, yerli mənada, həm də qlobal müstəvidə bizə göstərdi ki, dünya yeni əsrdə tez-tez reklam edilən kimi heç də aşağılı-yuxarılı, hər tərəfliylə planlı-proqramlı yer deyilmiş: “Çılğın futurist İlon Maskın çox da uzaq olmayan tarixdə bizi cürbəcür skafandrların içində Marsda gəzməyə aparcağını vəd etməsiylə, yəni məcazi desək, açıq kosmosda içində yaşadığımız dünyaya arxamızı çevirib selfi çəkdirməyə şirnikləndirməsiylə hamımızı evin içində gəzməyə məcbur edən, ağzımızı rəngəbərəng maskalarla yuman COVID-19 yaratdığı reallıq arasındakı kəskin kontrast! Maskdan maskaya...
2020-ci ildə əvvəllər təkcə dilə gətirilən sözlərdə yox, bəzən sükutla belə inamsızlıqla damğalanan ordumuz, "kendi gök kubbemiz altında" tarix yazdı.
Bizi neçə illərdir içində çabaladığımız dərin aşağılıq kompleksindən, hər işə, hər arzuya, hər plana məğlub başlamaq azarından xilas etdi. Marsı bilmirəm, Şuşaya dəqiq gedəcəyik. İndi bizi böyük quruculuq işləri gözləyir. Hamımızın borcu Qarabağı dünyanın ən möhtəşəm məkanı etmək üçün qolları çırmalamaqdır. Hər şey hələ indi başlayır”.